5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Denizli şəhərində, Pamukkale Universitetində Təhsil və Psixologiya sahəsində Ölçmə və Qiymətləndirmə Assosiasiyasının (EPODDER) təşkilatçılığı ilə CMEEP 2026 – Təhsil və Psixologiya sahəsində Ölçmə və Qiymətləndirmə üzrə 10-cu Beynəlxalq Konqres keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzini (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və Test bankı şöbəsinin Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektorunun müdiri Rəşad Kazımlı təmsil ediblər.
Konqresdə müxtəlif ölkələrdən təhsil, ölçmə və qiymətləndirmə, psixometriya və əlaqəli sahələr üzrə mütəxəssislər, alimlər və ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində müasir qiymətləndirmə metodları, süni intellektin qiymətləndirmə proseslərinə təsiri, psixometrik modellər, kompetensiyaların ölçülməsi, rəqəmsal texnologiyalar və yeni nəsil qiymətləndirmə alətləri müzakirə olunub.
Oktyabrın 5-də konqresin proqramı çərçivəsində müxtəlif istiqamətlər üzrə tematik seminarlar təşkil edilib. İştirakçılar idrak diaqnostikası modelləri, kontekst əsaslı sualların hazırlanması, süni intellekt dövründə ölçmə və qiymətləndirmə, tədris və öyrənmə dizaynı, eləcə də süni intellekt vasitəsilə keyfiyyət məlumatlarının təhlili kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Oktyabrın 6-da keçirilən rəsmi açılış mərasimindən sonra beynəlxalq ekspertlərin iştirakı ilə dəvətli məruzələr, panel müzakirələri və paralel elmi sessiyalar təşkil olunub.
Oktyabrın 7-də konqres çərçivəsində Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafına həsr olunan “Türk Dünyası Cumhuriyetleri ölçmə və qiymətləndirmə mərkəzlərinin görüşü” adlı panel müzakirəsi keçirilib.
Paneldə spiker kimi çıxış edən Natiq Əliyev Azərbaycanda ölçmə və qiymətləndirmə sahəsində DİM-in təcrübəsi, tətbiq olunan müasir yanaşmalar və əldə edilmiş nəticələr barədə məlumat verib. O, həmçinin Türk dünyası ölkələri arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib.
Müzakirələr zamanı Türk dünyası ölkələrinin ölçmə və qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, mövcud təcrübə və metodların paylaşılması, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Oktyabrın 8–9-da isə konqresin elmi proqramı paralel şifahi təqdimatlar və elmi sessiyalarla davam edib.