9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 Noyabr Azərbaycanda

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu tarix ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur və üçrəngli bayrağımızın milli kimliyimizin, müstəqilliyimizin və dövlət suverenliyimizin rəmzi kimi əhəmiyyətini ifadə edir.

Monetar.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib. Cümhuriyyətin 1920-ci ildə süqutundan sonra endirilən üçrəngli bayraq 70 il sonra yenidən dövlət rəmzi kimi ucaldılıb.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın yenidən qaldırılması barədə qərar qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti həmin bayrağı dövlət bayrağı kimi təsdiqləyib. Həmin il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmmləri bərpa olunub.

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Azərbaycanın Dövlət Bayrağı mavi, qırmızı və yaşıl rəngli üç üfüqi zolaqdan, qırmızı zolağın ortasında yerləşən ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir. Mavi rəng türkçülüyü və Azərbaycan xalqının türk mənşəyini, qırmızı rəng müasirliyi, inkişafı və müstəqilliyi, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir.

Bu üç rəngin ifadə etdiyi türkçülük, islamçılıq və müasirlik prinsipləri görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin milli ideoloji baxışları ilə bağlıdır.

Üçrəngli bayrağın müasir Azərbaycan tarixində xüsusi yeri var. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbədən sonra dövlət bayrağımız işğaldan azad edilmiş ərazilərdə yenidən ucaldılıb. Həmin il noyabrın 8-də Şuşada Azərbaycan bayrağının qaldırılması bu tarixin ən mühüm hadisələrindən biri olub.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində suverenliyi tam bərpa edilib. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı və Xocavənd şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaldıb.

Bu gün Azərbaycan bayrağı ölkənin bütün ərazisində, dövlət qurumlarının binalarında, diplomatik nümayəndəliklərdə, beynəlxalq tədbirlərdə və idman yarışlarında dalğalanır.

Dövlət Bayrağı Günü Azərbaycan xalqı üçün yalnız tarixi bir gün deyil, həm də milli birlik, müstəqillik və dövlətçilik dəyərlərinin ifadəsidir.