Azərbaycanın müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun xatirəsi ehtiramla yad edilib. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rəsmi qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər, xüsusilə, birgə beynəlxalq hərbi təlimlərin hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.