Hərbi qulluqçular şəxsi identifikasiya nişanları ilə təmin olunacaq

Hərbi qulluqçular şəxsi identifikasiya nişanları

Qanunvericiliyə “hərbi qulluqçunun şəxsi nişanı” anlayışı daxil edilir.

Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb və həmin dəyişikliklər 1 may tarixində Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, şəxsi nişan — hərbi qulluqçunun fərdi identifikasiya nömrəsini və qan qrupunu əks etdirən, həlak olmuş, vəfat etmiş və ya xəsarət almış (yaralanma, travma, kontuziya və s.) hərbi qulluqçuların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün istifadə olunan vasitədir. Hərbi qulluqçular xidmət keçdikləri müvafiq dövlət orqanları (və ya həmin orqanların strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi nişanlarla təmin ediləcəklər. Şəxsi nişanların verilməsi qaydası, onların təsviri, texniki xüsusiyyətləri və uçot qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən hərbi qulluqçular müxtəlif risklərlə üzləşirlər. Döyüş əməliyyatları və xidmət fəaliyyəti ilə bağlı digər fövqəladə hallarda onlar həlak ola və ya xəsarət ala bilərlər (yaralanma, travma, kontuziya, şikəstlik və şəxsiyyətin tanınmasını çətinləşdirən digər hallar və s.). Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ müəyyən edilməsi və vaxtında tibbi yardımın göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatın nəzərə alınması baxımından) həyati əhəmiyyət daşıyır.

Bununla əlaqədar olaraq, beynəlxalq təcrübədə geniş istifadə olunan və effektivliyi sübut edilmiş fərdi identifikasiya mexanizminin tətbiqinin zəruriliyi vurğulanır. Bu məsələnin həlli üçün “şəxsi nişan” anlayışının və onun istifadə qaydasının qanunvericilikdə təsbit edilməsi təklif olunur.