Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamını təmin edib.
Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədlər müəyyənləşdirilib və dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində də əhəmiyyətli işlər görülüb. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsinə, ölkənin siyasi, iqtisadi və mədəni inkişafına, demokratik prinsiplərin təsbit olunmasına xidmət edib.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.
1920-ci ildə müstəqilliyini itirərək Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycan SSRİ-nin dağılmasından sonra dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.
Konstitusiya Aktında 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə və Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməyə istinad edilib. Sənəddə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub.
Beləliklə, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edərək müasir müstəqil dövlətçilik tarixində yeni mərhələyə qədəm qoyub.
Bu gün Azərbaycan müstəqil dövlət kimi xarici siyasət kursunu özü müəyyənləşdirir, beynəlxalq təşkilatlarda və mötəbər platformalarda təmsil olunur.
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycanın regional mövqeyi və beynəlxalq gündəlikdəki rolu daha da artıb. Ölkə enerji təhlükəsizliyi, regional əməkdaşlıq və digər strateji məsələlərdə mühüm tərəfdaşlardan biri kimi çıxış edir.
Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsini, dövlətçilik ənənələrini və suverenliyini qorumaq əzmini təcəssüm etdirən əlamətdar tarixdir.