Lozanna Federal Politexnik Məktəbinin (EPFL) Mühəndislik Məktəbinin Yumşaq Dönüştürücülər Laboratoriyası elektrik enerjisini birbaşa xətti hərəkətə çevirən sap formalı “FiberMotor” mühərriki hazırlayıb.
İşlənmə ilə bağlı tədqiqatın nəticələri “Advanced Materials” jurnalında dərc olunub. Yeni texnologiyanın xüsusilə ağıllı tekstil, yumşaq robototexnika və geyilə bilən qurğularda istifadə olunması nəzərdə tutulur.
EPFL 2023-cü ildə dünyada ilk dəfə lif formalı nasos da hazırlamışdı. Elastik borudan ibarət həmin sistem müstəqil şəkildə təzyiq və maye axını yarada bilirdi. Bu texnologiya termorequlyasiya, taktil əks-əlaqə və geyilə bilən köməkçi qurğular üçün ağıllı parçalara inteqrasiya edilə bilirdi.
“FiberMotor” qalınlığı 1-3 millimetr olan, bir-birinin daxilində yerləşən iki koaksial boşluqlu lifdən ibarətdir. Hər iki lifin ətrafına nazik mis məftildən elektrodlar sarınır və onlara yüksək gərginlik tətbiq edilir.
Yaranan elektrostatik qüvvələr liflərin bir-birinə doğru hərəkət etməsinə səbəb olur. Nəticədə daxili lif xarici lifin daxilində sürüşür. İş prinsipi müəyyən mənada teleskopik antenanın hərəkətini xatırladır.
Tədqiqata rəhbərlik edən professor Herbert Şi bildirib ki, “FiberMotor” lif formasında hazırlanmış ilk sürüşən mühərrikdir. Onun sözlərinə görə, qurğu səssiz və elastik olmaqla yanaşı, iki istiqamətdə hərəkət edə bilir və yumşaq robototexnika üçün kifayət qədər güc yaradır.
Gündəlik həyatda qaldırma, itələmə və çəkmə kimi bir çox hərəkət xətti hərəkətə əsaslanır. Geyilə bilən robototexnikada isə belə hərəkətləri təmin etmək üçün ənənəvi mühərriklər çox vaxt sərt reduktorlar, ötürücülər və digər iri komponentlər tələb edir.
“FiberMotor”da reduktor və ötürücülərin olmaması qurğuya xarici qüvvələrə uyğunlaşmaq imkanı verir. Məsələn, istifadəçi mühərrikin hərəkət istiqamətinin əksinə qüvvə tətbiq etdikdə liflər kilidlənmək əvəzinə bir-birinə nisbətən sürüşür.
Bu xüsusiyyət texnologiyanın geyimlərdə, ekzoskletlərdə və insan hərəkətlərinə uyğunlaşmalı digər sistemlərdə istifadəsini asanlaşdıra bilər.
Laboratoriya sınaqlarında ayrı-ayrı “FiberMotor” qurğuları təxminən 75 qramlıq statik yükü saxlaya bilib. Dörd mühərrik birlikdə isə 46 qramlıq şokolad plitəsini qaldırmaq və troslu ötürücüyə malik robot barmağını hərəkətə gətirmək üçün kifayət qədər güc nümayiş etdirib.
Başqa bir sınaqda mühərrik sapı şalvara tikilib. Təcrübə zamanı ayağın bükülməsinin “FiberMotor”a zərər vermədiyi müəyyənləşdirilib. Bu yanaşma hərəkətverici liflərin gücünü tək bir sərt mühərrik blokunda toplamaq əvəzinə ağıllı tekstilin müxtəlif hissələri boyunca paylamağa imkan verə bilər.
Tədqiqatçılar gələcəkdə daha nazik izolyasiya materiallarından hazırlanmış elektrodlar və optimallaşdırılmış materiallar vasitəsilə mühərrikin məhsuldarlığını və xidmət müddətini artırmağı planlaşdırırlar. Eyni zamanda istifadəçinin mövqeyi və hərəkətləri barədə məlumat verən əks-əlaqə sisteminin yaradılması üzərində də iş aparılır.
“FiberMotor”un gələcək tətbiq sahələri arasında ağıllı tekstil, yumşaq ekzoskletlər, yüngül protezlər və taktil əks-əlaqəli əlcəklər göstərilir.
Layihənin birinci müəllifi Silven Şaller isə texnologiyanın kommersiyalaşdırılması məqsədilə artıq “Elecsyor” startapını təsis edib.

MONETAR.AZ