III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.

Monetar.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışdan əvvəl Ulu Öndər Heydər Əliyevin Qəbələdəki abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyulub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq idman tədbirlərinin təşkilinin mühüm hadisə olduğunu bildirib.

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə isə atletikaya marağın yüksək olduğunu qeyd edib. O, xarici idmançıların yarışda iştirakını da müsbət hal kimi dəyərləndirib.

Bu il ultramarafonda 5 ölkədən 97 atlet iştirak edir.

Yarışın əsas məqsədi sağlam həyat tərzinin və qaçış idmanının təbliği, eləcə də Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Ümumi uzunluğu 192 kilometr olan Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü ciddi şəkildə sınaqdan keçirəcək.

Ultramarafon dörd mərhələdən ibarətdir:

  • Qəbələ–Ağdaş – 55 kilometr;
  • Ağdaş–Bərdə – 65 kilometr;
  • Bərdə–Ağdam – 44 kilometr;
  • Ağdam–Xankəndi – 28 kilometr.

Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq. Yarışın yekun nəticələrinə əsasən ümumi qaliblər də müəyyənləşdirilərək baş mükafata layiq görüləcəklər.

Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. 380 kilometrlik məsafəni əhatə edən yarışda 4 ölkədən 64 atlet iştirak edib.

2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunub və yarışa 6 ölkədən 81 atlet qatılıb.

2026-cı ildə üçüncü dəfə keçirilən Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə davam etdirilir.