İranla müharibə ABŞ-da iqtisadi gözləntiləri pisləşdirib

İranla müharibə ABŞ-da iqtisadi

İranla bağlı müharibə fonunda enerji qiymətlərinin kəskin artması Amerika Birləşmiş Ştatları vətəndaşlarının iqtisadi gözləntilərinə mənfi təsir göstərib. Son sorğular amerikalılar arasında pessimizmin əhəmiyyətli dərəcədə artdığını ortaya qoyur.

YouGov və “The Economist” tərəfindən keçirilən sorğuya əsasən, respondentlərin 59 faizi ölkə iqtisadiyyatının pisləşdiyini bildirib. Bu göstərici müharibədən əvvəlki sorğu ilə müqayisədə (50 faiz) xeyli artaraq 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Müharibənin təsiri ilk növbədə enerji bazarında hiss olunur. Neftin qiyməti bir barel üçün 100 ABŞ dollarını keçib, benzin qiymətləri isə sonuncu dəfə 2022-ci ildə müşahidə edilən səviyyəyə yüksəlib.

Sorğu nəticələri göstərir ki, iqtisadi vəziyyətlə bağlı narahatlıq bütün siyasi qruplar arasında artıb. Demokratlar arasında iqtisadiyyatın pisləşdiyini düşünənlərin payı 76 faizdən 86 faizə yüksəlib. Respublikaçılar arasında bu göstərici 16 faizdən 24 faizə, MAGA tərəfdarları arasında isə 10 faizdən 20 faizə qədər artıb.

Eyni zamanda, amerikalıların əksəriyyəti müharibəyə qarşı çıxır. Respondentlərin 56 faizi münaqişəni ya qəti, ya da qismən dəstəkləmədiyini bildirib. Bundan başqa, 48 faiz müharibənin əsaslandırılmadığını düşünür.

Sorğuda iştirak edənlərin 61 faizi ABŞ-ın müharibəni mümkün qədər tez başa çatdırmalı olduğunu qeyd edib. Bununla yanaşı, 24 faiz hərbi əməliyyatların bütün məqsədlər yerinə yetirilənədək davam etdirilməsinin tərəfdarıdır.

Rəyi soruşulanların təxminən üçdə ikisi münaqişənin bir il ərzində başa çatacağını gözləyir. Lakin 33 faiz amerikalı qarşıdurmanın daha uzun müddət davam edəcəyini düşünür.

Mütəxəssislər qeyd edirlər ki, enerji qiymətlərinin artımı və geosiyasi qeyri-müəyyənlik qlobal iqtisadi sabitliyə ciddi təsir göstərməkdə davam edir.

MONETAR.AZ