Milli Məclisin payız sessiyasının növbəti plenar iclası bu gün keçiriləcək. İclasın gündəliyinə 10 qanun layihəsi daxil edilib. Onların arasında əmək, miqrasiya, vergi, daşınmaz əmlak və elektron ticarətlə bağlı dəyişikliklər də var.
Monetar.az xəbər verir ki, iclasda müzakirə olunacaq məsələlərdən biri Azərbaycan Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair sazişin təsdiq edilməsi olacaq.
Bununla yanaşı, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Deputatlar, həmçinin elektron ticarət, dövlət rüsumları, vergi qanunvericiliyi, hüquqi şəxslərin dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanun layihələrinə baxacaqlar.
Gündəliyə daxil edilən layihələrdən bəziləri ikinci və üçüncü oxunuşda, digərləri isə ilk oxunuşda müzakirə olunacaq.