QHT-lərin və fondların yaradılması ilə bağlı yeni qaydalar qəbul edilib

QHT-lərin və fondların yaradılması ilə bağlı yeni qaydalar

Milli Məclis ictimai birlik və fondların müəyyən edilmiş növlər üzrə yaradılmasını nəzərdə tutan qanun dəyişikliklərini son oxunuşda qəbul edib.

Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi parlamentin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilə biləcəklər. İctimai birliklər peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadiyyat sahələri, eləcə də qanunla müəyyən edilən digər istiqamətlər üzrə yaradıla biləcək.

Fondların isə ictimai faydalı, xeyriyyə və qanunla müəyyən edilmiş digər növlərdə təsis olunması nəzərdə tutulur.

Dəyişikliklərdə QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi halları ilə bağlı müddəaların da dəqiqləşdirilməsi təklif olunur.

Layihənin digər mühüm müddəası fondların minimum nizamnamə kapitalının artırılmasıdır. Mövcud qanunvericiliyə əsasən, fondun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Yeni dəyişikliklə bu məbləğin 100 min manata çatdırılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.