Sumqayıtda 40 milyon manatlıq yeni zavod tikiləcək – ildə 110 milyon kisə istehsal edəcək

Sumqayıtda 40 milyon manatlıq yeni zavod tikiləcək –
Sumqayıt Sənaye Parkında ildə 110 milyon ədəd çoxqatlı klapanlı kraft-kağız kisə istehsal edəcək yeni müəssisənin yaradılması nəzərdə tutulur. Layihəyə 40 milyon manatdan çox investisiya yatırılacaq.

Monetar.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, "Aztech Packing" MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Şirkətin həyata keçirəcəyi layihənin investisiya dəyəri 40 milyon manatdan çoxdur. Müəssisədə çoxqatlı klapanlı kraft-kağız kisələrin istehsalı təşkil ediləcək və illik istehsal gücü 110 milyon ədəd olacaq.

Bu tip kisələr əsasən sement, tikinti materialları, kimya sənayesi məhsulları və digər tozşəkilli sənaye məhsullarının qablaşdırılmasında istifadə olunur.

Hazırda Sumqayıt Sənaye Parkında 46 rezident qeydiyyatdan keçib. İndiyədək rezidentlər tərəfindən parka 5,6 milyard manatdan çox investisiya yatırılıb və 6 400-dən artıq iş yeri yaradılıb.