İngiltərə Bankı Böyük Britaniyanın ən iri bankları üçün kapital tələblərini risk üzrə ölçülmüş aktivlərin təxminən 50 baza bəndi həcmində azaltmağı planlaşdırır. Bu addımın bankların kreditləşmə imkanlarını genişləndirəcəyi gözlənilir.
Mərkəzi Bankın Maliyyə Siyasəti Komitəsinin noyabr hesabatına görə, azalma həm adi şəraitdə tələb olunan kapitala, həm də mümkün böhran ssenarilərinə qarşı saxlanılan ehtiyatlara şamil ediləcək. Dəyişiklikdən sonra iri banklar üçün ümumi kapital tələbinin təxminən 13% olması nəzərdə tutulur. Əks-tsiklik kapital buferi isə 2% səviyyəsində saxlanılıb.
Komitə bankların normativ tələblərdən artıq kapital saxladığını nəzərə alaraq, ödənişlərə avtomatik məhdudiyyət qoyulmadan istifadə edilə bilən vahid buferin yaradılmasını təklif edib. Bu istiqamətdə irəliləyiş 2027-ci ilin dördüncü rübündə qiymətləndiriləcək.
Hesabatda maliyyə sabitliyi üçün əsas risklərdən biri kimi süni intellekt (Sİ) sektorunda borclanmanın sürətlə artması göstərilib. Proqnoza görə, hiperskeylerlərin 2026-cı ildə istiqraz buraxılışı 305 milyard dolları keçəcək ki, bu da qlobal investisiya reytinqli istiqraz emissiyasının təxminən 8%-idir. Bank qeyri-şəffaf maliyyələşmə mexanizmlərinin risklərin cəmləşdiyi sahələri müəyyənləşdirməyi çətinləşdirdiyini vurğulayıb.
Sİ şirkətlərinin səhmlərindəki ucuzlaşma və hedc-fondların borclanmanı azaltması bazarlardakı təzyiqi artırıb. Nasdaq 100 indeksi oktyabr maksimumundan təxminən 13% geriləyib, aşağı reytinqli ABŞ istiqrazları üzrə spredlər isə genişlənib.
Eyni zamanda, iyul ayından bəri 10 illik Britaniya dövlət istiqrazlarının gəlirliliyi 40, ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyi 50 baza bəndi yüksəlib. Böyük Britaniyada bu artım enerji qiymətlərinin bahalaşması və faiz dərəcələrinin artırılması gözləntiləri ilə əlaqələndirilir.
Bank sektorunun göstəricilərinə əsasən, iri bankların CET1 kapital əmsalı üçüncü rübdə 14,1%, maddi kapitalın baza rentabelliyi isə 15,9% olub. Banklar həmin dövrdə dividend və səhmlərin geri alınmasına 9,2 milyard funt sterlinq xərcləyiblər. Ev təsərrüfatları və bizneslərə kreditləşmə illik müqayisədə 9% artıb.
MONETAR.AZ