Ağdam Sənaye Parkının rezidenti “ASMC” MMC-nin metal məmulatları zavodunda istehsal olunan metal məftilin ilk partiyası Böyük Britaniyaya göndərilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, müəssisə daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını xarici ölkələrə də ixrac etməyi planlaşdırır.
“Almet Holding” ASC-nin tərkibində fəaliyyət göstərən zavodda polad həsir, müxtəlif növ məftil, mismar və soyuq deformasiya olunmuş armatur istehsal edilir. Məhsulların keyfiyyətinə nəzarət üçün müəssisədə laboratoriya yaradılıb.
Layihənin ümumi investisiya dəyəri 24,9 milyon manatdır və iki mərhələdə həyata keçirilir. Birinci mərhələyə 8,8 milyon manat investisiya yatırılıb. Bu mərhələnin maliyyələşdirilməsində sahibkarın vəsaiti ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun subsidiyalaşdırdığı, təxminən 4,7 milyon manatlıq bank kreditindən istifadə olunub.
İkinci mərhələdə daha 16,1 milyon manat investisiya yatırılması, iki yeni istehsal binasının tikilməsi, sinklənmiş və yüksəkkarbonlu məftil istehsalı xətlərinin quraşdırılması nəzərdə tutulur.
Birinci mərhələdə zavodun illik istehsal gücü 4 920 ton polad həsir, 3 480 ton çəkilmiş məftil, 3 180 ton mismar, 1 800 ton yanmış məftil, 12 min ton metal məftil və 1 080 ton armatur təşkil edir. İkinci mərhələdə isə illik 10 min ton sinklənmiş və 8 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
2024-cü ildə sənaye parkının rezidenti kimi qeydiyyata alınan müəssisə 470 min manat dəyərində ƏDV və gömrük güzəştlərindən yararlanıb. Hazırda zavodda 41 nəfər çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra işçilərin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Müəssisənin məhsulları, o cümlədən polad həsir, məftil və mismar azad edilmiş ərazilərdə tikinti və bərpa işlərində istifadə olunur. Yerli istehsalın genişləndirilməsi bu məhsullarla təminatı yaxşılaşdırmaqla yanaşı, logistika xərclərinin azaldılmasına da imkan yaradır.
Qeyd edək ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkına indiyədək 192 milyon manatdan çox investisiya yatırılıb. Parkda 37 sahibkarlıq subyekti rezident, 2 sahibkar isə qeyri-rezident statusuna malikdir. Burada indiyədək 1 000-dən çox daimi iş yeri yaradılıb.