Avropada qaz qiymətləri Yaxın Şərqdəki gərginlik səbəbindən dəyişib

Avropada qaz qiymətləri Yaxın Şərqdəki

Avropada təbii qazın topdansatış qiymətləri bu gün müxtəlif istiqamətlərdə hərəkət edib. Treyderlər Yaxın Şərqdə hərbi gərginliyin artmasının enerji təchizatına mümkün təsirlərini və Avropaya qaz tədarükündəki müsbət gözləntiləri qiymətləndirirlər.

Niderlandın TTF qaz fyuçersləri ticarətin əvvəlində demək olar ki, dəyişməyərək 1 meqavat-saat üçün 88 avro səviyyəsində olub. Daha mülayim hava proqnozları və Norveçdən boru kəmərləri ilə tədarükün artacağı gözləntiləri qiymətlərə təzyiq göstərib. Böyük Britaniyanın NBP müqaviləsi isə 1,25% bahalaşaraq bir term üçün 219,50 pensə çatıb.

Yaxın Şərqdə enerji infrastrukturu və dəniz nəqliyyatı marşrutlarına yönələn hücumlar neft bazarında da qiymət artımına səbəb olub. “Brent” markalı neftin fyuçersləri 0,1% bahalaşaraq bir barel üçün 94,71 dollara, WTI markalı neft isə 0,4% artaraq 84,03 dollara yüksəlib.

Bazar iştirakçılarının diqqətində İranla əlaqəli Yəmən husilərinin Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavoduna zərbə endirdikləri barədə bəyanatı da olub. Hücumun həm neft, həm də qaz bazarlarında geosiyasi riskləri artırdığı bildirilir.

Hörmüz boğazında gəmiçiliklə bağlı məlumatlar da narahatlıq yaradıb. “Fars” agentliyinin İran ordusuna istinadən yaydığı məlumata görə, çərşənbə günü boğazın məhdud giriş zonasında neft tankeri dəniz minasına düşərək yanıb. Bundan əvvəl İran dövlət mediası həmin ərazidə iki tankerin minaya düşdüyünü bildirmişdi.

Avropa qaz bazarı üçün əsas risklərdən biri regionun anbar ehtiyatlarının mövsümi normadan aşağı olmasıdır. Hörmüz boğazında və Yaxın Şərqdən enerji ixracında uzunmüddətli fasilələr yaranacağı təqdirdə, Avropanın qış tədarükü daha həssas vəziyyətə düşə bilər.

MONETAR.AZ