ABŞ-da Şükranlıq Günü ilə əlaqədar ticarət aktivliyinin azalması fonunda cümə axşamı dollar əsas valyutalar qarşısında sabit qalıb. Avro cüzi bahalaşdığı halda, funt sterlinq demək olar ki, dəyişməyib.
Bakı vaxtı ilə saat 13:32-yə olan məlumata görə, funt 0,01% ucuzlaşaraq 1,3113 dollara, avro isə 0,03% bahalaşaraq 1,0979 dollara çatıb.
ING analitikləri yaxın perspektivdə dolların ciddi zəifləməsi üçün əsas görmürlər. Bankın qlobal bazar analitikası şöbəsinin rəhbəri Kris Törner ABŞ iqtisadiyyatının güclü artımını, əmək bazarının dayanıqlığını və inflyasiyanın yüksəlməsini əsas gətirərək, FES-in dekabrda sərt pul-kredit siyasətini davam etdirəcəyini gözləyir.
Onun fikrincə, dolların davamlı zəifləməsi üçün ABŞ iqtisadiyyatının artımını, yüksək inflyasiyanı və FES-in sərt siyasətini dəstəkləyən amillər zəifləməlidir.
İnvestorların diqqəti hazırda Avropa Mərkəzi Bankının (AMB) oktyabr iclasının protokoluna yönəlib. ING EUR/USD cütlüyünün bu həftə 1,0880 səviyyəsində dəstəyi qoruduğunu, lakin avronun 1,10 dollar həddini keçməsi üçün yeni katalizatorların hələ müəyyən edilmədiyini bildirir.
HSBC avro üçün 1,0817 səviyyəsini dəstək, 1,1188 səviyyəsini isə müqavimət həddi hesab edir. LSEG konsensus-proqnozlarına görə, dördüncü rübdə funtun 1,3346, avronun isə 1,1250 dollar səviyyəsində ticarət olunacağı gözlənilir.
MONETAR.AZ