Rusiyanın mayeləşdirilmiş təbii qaz bazarındakı rəqibi ixracını artırıb

Rusiyanın mayeləşdirilmiş təbii qaz bazarındakı rəqibi

Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracı noyabr ayında ABŞ və İran arasında müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb. “Bloomberg” agentliyinin məlumatına görə, ölkə Hörmüz boğazında yaranan çətinliklərə baxmayaraq, Avropa və Asiyaya tədarük həcmini artırıb.

“Kpler”in məlumatlarına əsasən, Ras-Laffan zavodundan noyabrda gündəlik orta hesabla təxminən 1,4 LNG partiyası ixrac edilib. Bu, əvvəlki ayla müqayisədə təxminən 25% çoxdur. Bununla belə, ixrac həcmi müharibədən əvvəlki səviyyənin yarısına bərabərdir.

Dünyanın ən böyük LNG istehsalı müəssisəsi olan zavodun 14 istehsal xəttindən doqquzu müharibə başlayandan bəri ən yüksək aktivlik səviyyəsinə çatıb.

Müharibənin ilk aylarında Hörmüz boğazından demək olar ki, gəmi göndərməyən Qətər hazırda qazın daşınması üçün ən azı 34 tankerdən istifadə edir. Tədarükün artması Avropa və Asiyada qış mövsümü ilə əlaqədar enerji tələbatının yüksəldiyi dövrə təsadüf edir.

Eyni zamanda, Atlantik okeanında LNG yüklərinin Avropa və Asiya bazarları arasında bölüşdürülməsi uğrunda rəqabət güclənib. Avropa ölkələri Asiyaya istiqamətlənən tankerləri yenidən satın alaraq öz bazarlarına yönəldirlər. Meksika körfəzindən yola düşən səkkiz gəmi artıq Avropa İttifaqı istiqamətində hərəkət edir.

MONETAR.AZ