“Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin müəlliflərindən biri olduğu “Enlightened Management: Azerbaijan Companies Achieving Positive Impact” (“Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri”) kitabında təqdim edilib.
Nəşrdə Azercell-in ənənəvi telekommunikasiya operatorundan geniş rəqəmsal xidmətlər portfelinə malik texnologiya şirkətinə çevrilməsi prosesi, bu istiqamətdə qəbul edilən strateji qərarlar və idarəetmə yanaşmaları əks olunub.
Kitabda şirkətin rəqəmsal inkişaf strategiyasının əsas istiqamətləri sırasında süni intellektin müştəri xidmətlərinə inteqrasiyası, robotik proseslərin avtomatlaşdırılması (RPA), bulud texnologiyalarının tətbiqi və “akart” fintek həllinin istifadəyə verilməsi xüsusi qeyd olunub.
Məlumata görə, bir il ərzində hazırlanan nəşrin əsas məqsədi Azərbaycan şirkət və təşkilatlarının strateji inkişaf təcrübəsini, nailiyyətlərini və cəmiyyətə verdikləri töhfələri beynəlxalq biznes və akademik auditoriyaya tanıtmaqdır.
“Azercell Telekom” MMC-nin baş icraçı direktoru Zərinə Zeynalova bildirib ki, kitabda şirkətin 2025-ci ilədək rəqəmsal transformasiya sahəsində qazandığı təcrübə təqdim olunub. Onun sözlərinə görə, Azercell hazırda süni intellekti fəaliyyətinin bütün istiqamətlərinə inteqrasiya edən texnologiya şirkətinə çevrilmək istiqamətində fəaliyyətini davam etdirir.
Z. Zeynalova qeyd edib ki, şirkət biznes proseslərindən innovativ məhsul və xidmətlərin yaradılmasına qədər bütün fəaliyyətini yeniləyir. Azercell texnologiyanın əsas dəyərini insanların həyatında yaratdığı müsbət dəyişikliklərdə və müştəri ehtiyaclarını qabaqlayan innovativ həllərdə görür.
Kitab Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və layihə iştirakçılarının əməkdaşlığı ilə hazırlanıb. Nəşrin müəllifləri Filip Kotler, Tata Tcholaria və Gabriele Carbonidir. Liderlik üzrə beynəlxalq ekspert və “The New York Times”ın bestseller müəllifi Marshall Goldsmith isə kitaba ön söz yazıb.
Nəşrin qlobal elektron kitabxanalarda və beynəlxalq təhsil platformalarında yayımlanması nəzərdə tutulur. Kitabın satışından əldə ediləcək gəlirin “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinə yönəldiləcəyi bildirilir.
Qeyd edək ki, Azercell şirkətə aid keysin “Enlightened Management” nəşrində dərc olunmasına müstəsna icazə verib. Müəlliflik və əqli mülkiyyət hüquqları “Azercell Telekom” MMC-də saxlanılır.