Amerikalı milyarder Todd Bouli ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) daxil olduğu konsorsium adından “LUKOYL” şirkətinin beynəlxalq aktivlərinin alınmasına dair saziş imzalayıb. “Reuters”in məlumatına görə, razılaşma 10 milyard dollar dəyərində şirkət qiymətli kağızlarının xarici aktivlərlə mübadiləsini nəzərdə tutur.
Saziş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təsdiqlənməlidir. Qurum razılaşmanın milli təhlükəsizliyə təsirini və Rusiyanın bundan faydalanmaq imkanlarını qiymətləndirəcək.
“LUKOYL”un 11 ölkədəki beynəlxalq biznesi sutkada təxminən 350 min barel neft hasil edir. Portfelə Azərbaycan və Qazaxıstandakı yataqlar, Niderland, Bolqarıstan və Rumıniyadakı neft emalı zavodları, eləcə də yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir. Mənbələr aktivlərin ümumi dəyərini təxminən 16 milyard dollar qiymətləndirirlər.
Saziş təsdiqlənərsə, ABŞ gələcək mənfəətdən pay alacaq və şirkətin direktorlar şurasında təmsil olunacaq. Qiymətli kağızların BƏƏ-dəki eskrou-hesabda saxlanılması nəzərdə tutulur.
Konsorsiumda “Xtellus Partners” və “Catena Investment Holding” də yer alır. Mənbələrin məlumatına görə, Əl-Xəyyat qardaşları və “International Holding Company” isə ötən həftə konsorsiumdan çıxıblar.
Bouli sazişin yekunlaşmasının bir ilə qədər vaxt apara biləcəyini bildirib. Razılaşmanın təsdiqi və maliyyə şərtləri hələ dəqiqləşdirilməyib.
MONETAR.AZ