“Biletim.az”da “BirPay” və “Bir Bonus”la ödəniş imkanı yaradılıb

“Biletim.az”da “BirPay” və “Bir Bonus”la ödəniş imkanı

“Biletim.az” portalı ilə “Birbank” arasında əməkdaşlıq çərçivəsində sərnişinlər üçün yeni ödəniş imkanları tətbiq edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sərnişinlər artıq “BirPay” vasitəsilə bilet ala, topladıqları “Bir Bonus”lardan isə ödəniş zamanı istifadə edə biləcəklər. Bundan başqa, qaytarılan biletlərin məbləği dərhal sərnişinlərin hesabına köçürüləcək.

Əməkdaşlıq komissiya xərclərinin azaldılmasına və nəticədə bilet alışının ümumi dəyərinin aşağı düşməsinə də imkan yaradacaq.

Hazırda “Biletim.az” vasitəsilə 62 məntəqəyə 98 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sisteminin mərhələli şəkildə bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur.