ABŞ Venesuela və İraqı OPEC-dən çıxmağa təşviq edib

ABŞ Venesuela və İraqı OPEC-dən çıxmağa

ABŞ administrasiyası bu ilin əvvəlində Venesuela və İraqı Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq imkanını nəzərdən keçirməyə çağırıb. “Reuters”in 10 mənbəyə istinadən yaydığı məlumata görə, Vaşinqton Venesuelanın təşkilata üzvlük haqqını ödəməsinə də mane olub.

ABŞ rəsmiləri hesab ediblər ki, OPEC-in hasilat kvotaları hər iki ölkənin neft istehsalını artırmaq planlarına mane ola bilər.

Mənbələrin bildirdiyinə görə, Venesuelanın OPEC-dən çıxması məsələsi Dövlət Departamentində müzakirə olunub. Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müdaxiləsindən sonra Vaşinqton bu təşəbbüsdən geri çəkilib.

İraqda da mümkün çıxış məsələsi hökumət səviyyəsində gündəmə gətirilib. Lakin Neft Nazirliyinin etirazından sonra ölkənin OPEC-də qalması qərara alınıb.

Venesuelanın üzvlük haqqı təxminən 2,8 milyon avro təşkil edir. OPEC mənbələri ölkənin ödəniş etməməsinə baxmayaraq, təşkilatdan çıxarılmasının nəzərdə tutulmadığını bildiriblər.

Bu hadisələr BƏƏ-nin ilin əvvəlində OPEC-dən ayrılmasından sonra təşkilat daxilində yaranan gərginliyi artırır. Venesuela isə OPEC+ hasilat kvotalarından azaddır və sentyabrda sutkada təxminən 1,2 milyon barel neft hasil edib.

ABŞ Dövlət Departamenti Reuters-ə açıqlamasında Venesuelanın OPEC-dən çıxması məsələsinin ali rəhbərlik səviyyəsində müzakirə edilmədiyini bildirib. İraqla danışıqların isə təşkilata üzvlükdən deyil, enerji infrastrukturunun modernləşdirilməsindən bəhs etdiyini qeyd edib.

MONETAR.AZ