Pekinin yerli kapital bazarlarına dəstək tədbirləri vəd etməsindən sonra bu gün Çin birjalarında kəskin yüksəliş qeydə alınıb. CSI 300 indeksi 3,5%, “Shanghai Composite” isə 3,2% artaraq 2025-ci ilin ortalarından bəri ən aşağı səviyyələrdən bərpa olunub.
“Sinxua” agentliyinin məlumatına görə, Çin Dövlət Şurası yerli kapital bazarlarında maliyyələşdirmə və investisiya islahatlarını təşviq etmək üçün yeni planlar açıqlayıb. Tədbirlərin detalları hələlik məlum deyil.
Son həftələrdə süni intellekt, çip istehsalı və sənaye şirkətlərinin səhmlərinin ucuzlaşması Çin bazarlarına təzyiq göstərib. ABŞ-la ticarət gərginliyinin artması və Vaşinqtonun Çinin qabaqcıl çiplərə çıxışını məhdudlaşdırmaq planları da investorların narahatlığını gücləndirib.
Süni intellekt sektorunda səhmlərin kütləvi satışı son bir ayda Çin bazarlarında ciddi itkilərə səbəb olub və 2026-cı ildə əldə edilən artımı silib. Pekinin yeni dəstək vədləri isə ucuzlaşmış səhmlərə tələbi artırıb.
Çin hökuməti son bir ildə büdcə stimullarını məhdudlaşdırsa da, daşınmaz əmlak bazarının sabitləşdirilməsi və yerli investisiyaların təşviqi istiqamətində tədbirlər görüb.
MONETAR.AZ