Dünya birjalarında misin qiyməti bu gün kəskin artıb. London Metal Birjasında (LME) mis fyuçersləri 4,68% bahalaşaraq bir ton üçün 12 411 dollara, “Comex” birjasında isə 4,56% yüksələrək 5,5918 dollara çatıb.
Həftəlik müqayisədə mis LME-də 2,48%, “Comex”də 2,21% bahalaşıb. Aylıq ifadədə isə qiymətlər müvafiq olaraq 14,24% və 15,97% azalıb.
“Bloomberg”in məlumatına görə, Asiya texnologiya şirkətlərinin səhmlərində yüksəliş və bazarda risk iştahasının bərpası misin 11 aylıq minimumdan bahalaşmasına səbəb olub. ABŞ fond indeksləri üzrə fyuçerslər də yüksəlib.
“China-Base Ningbo Group” treyderi Harri Tszyan qiymət artımını Amerika səhmlərinin yüksəlişi fonunda qısa mövqelərin bağlanması ilə əlaqələndirib. Onun sözlərinə görə, Çində ehtiyatların məhdud olması bu sıçrayışı izah edən amillərdəndir.
“Shanghai Metals Market”in məlumatına əsasən, Yanşan limanında idxal misinə tətbiq edilən mükafat ötən həftə rekord həddə – bir ton üçün 500 dollara çatdıqdan sonra 320 dollara enib. Buna baxmayaraq, göstərici tarixi səviyyələrlə müqayisədə yüksək olaraq qalır.
Mis sentyabrda bir ton üçün təxminən 15 000 dollarlıq rekord qiymətə çatdıqdan sonra süni intellekt məlumat mərkəzlərinə investisiyalar və ABŞ-da faiz artımı gözləntiləri ilə bağlı narahatlıqlar fonunda ucuzlaşmışdı. Bu gün qalay, sink və alüminiumun qiymətlərində də artım qeydə alınıb.
MONETAR.AZ