Sinqapur Nvidia çiplərinin tədarükünün dayandırıldığını hələlik təsdiqləməyib

Sinqapur Nvidia çiplərinin tədarükünün dayandırıldığını

Sinqapur hakimiyyəti “Nvidia” şirkətinin ölkəyə qabaqcıl çiplərin tədarükünü dayandırıb-dayandırmadığını hələlik təsdiqləməyib. Bu barədə cümə günü ölkənin baş nazirinin müavini, energetika, ticarət və sənaye naziri Qan Kim Yonq bildirib.

“Asia Future Summit” sammitində çıxış edən Qan qeyd edib ki, hökumət çip ixracına qoyulan məhdudiyyətlərin yerli müəssisələrin fəaliyyətinə təsirini qiymətləndirmək üçün şirkətlərlə əlaqə saxlayır.

Onun açıqlaması “Financial Times” qəzetinin “Nvidia”nın istehsal tərəfdaşlarından Sinqapur da daxil olmaqla, Cənub-Şərqi Asiyanın dörd ölkəsinə server tədarükünü dayandırmağı xahiş etdiyi barədə məlumatından sonra verilib.

Nəşrin məlumatına görə, “Nvidia” çipləri əsasında serverlər istehsal edən “Dell” və “Supermicro” şirkətləri həmin ölkələrdəki müştərilərinə sifarişlərin yerinə yetirilməsinə “Nvidia”nın icazə vermədiyini bildiriblər.

Sinqapur, həmçinin ABŞ-ın ixrac qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı araşdırmalar çərçivəsində yerli çip alıcılarının sanksiya tətbiq edilən Çin şirkətləri ilə əlaqələrini yoxlayır.

MONETAR.AZ