“Nvidia” ABŞ-ın ixrac məhdudiyyətlərini sərtləşdirməsi fonunda tərəfdaşlarından öz çipləri ilə təchiz edilmiş serverlərin Malayziya, Sinqapur, Tayland və İndoneziyaya göndərilməsini dayandırmağı xahiş edib. “Financial Times”ın məlumatına görə, “Dell” və “Supermicro” kimi istehsalçılar artıq bu ölkələrdəki müştərilərə sifarişlərin çatdırılmasının mümkün olmadığını bildiriblər.
Cənub-Şərqi Asiya yerli bulud xidmətləri vasitəsilə “Nvidia”nın güclü çiplərindən istifadə etmək istəyən Çin süni intellekt şirkətləri üçün mühüm istiqamətə çevrilib. Region həmçinin bu çiplərin Çinə qanunsuz daşınması ilə bağlı araşdırmalarda hallanıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, “Supermicro” qadağan olunmuş çiplərin Çinə Cənub-Şərqi Asiya vasitəsilə çatdırılmasında iştirak edib. Taylandın “OBON” şirkəti də oxşar ittihamlarla üzləşib.
Məhdudiyyətlərin sərtləşdirilməsi noyabrın 19-da ABŞ Ticarət Nazirliyinin data-mərkəz operatorları üçün yeni qaydalar tətbiq etməsindən sonra baş verib. Qaydalara əsasən, operatorlar 90 gün ərzində lisenziya almalı və son istifadəçilər arasında sanksiya məhdudiyyətlərinə düşən qurumların olmadığını təsdiqləməlidirlər. Bununla belə, lisenziya müraciətlərinin proseduru ilə bağlı izahatların yetərsizliyi şirkətlər üçün qeyri-müəyyənlik yaradır.
Yeni tələblər regionun data-mərkəz layihələrinə də təsir göstərir. “TikTok”un ana şirkəti “ByteDance”ə hesablama resursları təqdim etməyi planlaşdıran Sinqapurun “Aolani” bulud şirkətinin layihəsi risk altına düşüb. “Financial Times”ın mənbələrinə görə, layihəyə təxminən 500 milyon dollar kredit ayırmağı planlaşdıran banklar maliyyələşdirməni dayandırıb, “ByteDance” isə sövdələşmədən imtina etməyi nəzərdən keçirir.
Bununla belə, Cənub-Şərqi Asiya “Nvidia” üçün əhəmiyyətli bazar olaraq qalır. Şirkətin Sinqapur bölməsinin gəliri 2025-ci ildə 72% artaraq 104 milyard dollara çatıb. Lakin bu məbləğə yalnız regiondakı satışlar deyil, Tayvan və Çindəki əməliyyatlardan əldə olunan bəzi gəlirlər də daxildir.
MONETAR.AZ