İspaniya Bankının keçmiş rəhbəri Pablo Ernandes de Kos Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə namizəd göstərilib. “Bloomberg”in məlumatına görə, Avropa İttifaqı ölkələrinin liderləri noyabrın 26-da Brüsseldə keçirilən görüşdə onun namizədliyi ilə bağlı razılığa gəliblər.
55 yaşlı Ernandes de Kos fevralın 7-də vəzifəsini vaxtından əvvəl tərk edəcək Kristin Laqardı əvəz edəcək. Təyinatla İspaniya ilk dəfə AMB-yə rəhbərlik edəcək. Namizədin Avropa Parlamentində çıxışı nəzərdə tutulsa da, parlamentin rəyi məcburi xarakter daşımır.
Hazırda Beynəlxalq Hesablaşmalar Bankının (BIS) baş direktoru olan Ernandes de Kos inflyasiyanın 2%-lik hədəfə qaytarılması və avrozona ölkələrinin yüksək dövlət borcları fonunda maliyyə sabitliyinin qorunması kimi əsas çağırışlarla üzləşəcək.
Onun namizədliyi Fransa və Almaniyanın dəstəyini qazanıb. Əsas rəqibi Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knot olub.
1971-ci ildə Madriddə anadan olan Ernandes de Kos 2018–2024-cü illərdə İspaniya Bankına rəhbərlik edib. O, 2019–2024-cü illərdə Bank Nəzarəti üzrə Bazel Komitəsinin sədri olub, 2025-ci ilin iyulundan isə BIS-in baş direktoru vəzifəsini icra edir.
MONETAR.AZ