Bitki yağı istehsalı 29 faiz artıb, kərə yağı istehsalı azalıb

Bitki yağı istehsalı 29 faiz artıb,

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda bir sıra ərzaq məhsullarının istehsalında fərqli dinamika müşahidə olunub. Ən yüksək artım duru bitki yağları və şəkər istehsalında qeydə alınıb. Bununla yanaşı, kərə yağı, marqarin və meyvə-tərəvəz konservlərinin istehsalı azalıb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 42,97 min ton duru bitki yağı istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz çoxdur.

Şəkər istehsalı da əhəmiyyətli dərəcədə artıb. On ay ərzində 404,5 min ton şəkər və qənd istehsal olunub ki, bu da illik müqayisədə 25,6 faiz artım deməkdir.

Kolbasa məmulatlarının istehsalı 7,8 faiz artaraq 28,29 min tona, unlu qənnadı məmulatlarının istehsalı 3,9 faiz artaraq 62,37 min tona çatıb. Şəkərli qənnadı məmulatlarının istehsalında isə 4,4 faizlik artım qeydə alınıb.

Digər tərəfdən, bəzi ərzaq məhsullarının istehsalında azalma müşahidə edilib. Belə ki, kərə yağı istehsalı 9 faiz azalaraq 20,12 min tona, marqarin istehsalı 9,6 faiz azalaraq 37,41 min tona düşüb.

Meyvə-tərəvəz konservlərinin istehsalı 4,8 faiz azalaraq 138,11 min ton, meyvə və tərəvəz şirələrinin istehsalı 3 faiz azalaraq 3,41 milyon dekalitr təşkil edib.

Pendir və kəsmik istehsalı 3,2 faiz, qaymaq və xama istehsalı isə 2 faiz azalıb. Çay istehsalında da 2,8 faizlik geriləmə qeydə alınıb.

İstehsal göstəriciləri ilə yanaşı, sənaye müəssisələrinin anbarlarında toplanan hazır məhsul ehtiyatları da diqqət çəkir.

Noyabrın 1-nə olan vəziyyətə görə, müəssisələrin anbarlarında 29,13 min ton meyvə-tərəvəz konservi olub. Bu, 10 ay ərzində istehsal edilmiş konservlərin həcminin təxminən 21 faizinə bərabərdir.

Bundan başqa, anbarlarda 5,08 min ton marqarin, 2,93 min ton duru bitki yağı və 886,8 ton unlu qənnadı məmulatı ehtiyatı qeydə alınıb.