Anbarlarda istehsaldan çox viski və brendi var – Diqqətçəkən statistika

Anbarlarda istehsaldan çox viski və brendi var –

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandapivə və araq istehsalı artdığı halda, viski, brendi və üzüm şərabı istehsalı azalıb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 5,55 milyon dekalitr pivə istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.

Araq istehsalı da 8 faiz artaraq 1,35 milyon dekalitrə çatıb. Şirinləşdirilmiş suların istehsalı 2,4 faiz artaraq 46,65 milyon dekalitr təşkil edib.

Bunun əksinə olaraq, viski və brendi istehsalı 39,3 faiz azalaraq 226,7 min dekalitrə düşüb. Üzüm şərabının istehsalı isə 8,1 faiz geriləyərək 462,4 min dekalitr olub.

Şirinləşdirilməmiş suların istehsalında da cüzi azalma qeydə alınıb. On ay ərzində 28,65 milyon dekalitr belə içki istehsal edilib ki, bu da illik müqayisədə 0,8 faiz azdır.

İçki sektorunda diqqət çəkən məqamlardan biri də anbarlarda toplanmış hazır məhsul ehtiyatlarıdır.

Noyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 399,2 min dekalitr viski və brendi ehtiyatı olub. Bu göstərici yanvar-oktyabr aylarında istehsal edilmiş 226,7 min dekalitr məhsulun həcmindən təxminən 76 faiz çoxdur.

Üzüm şərabı üzrə də anbar ehtiyatları yüksəkdir. Belə ki, 10 ayda 462,4 min dekalitr şərab istehsal edildiyi halda, anbarlarda 589,2 min dekalitr hazır məhsul qeydə alınıb.

Pivə istehsalında artıma baxmayaraq, anbarlarda 385,1 min dekalitr hazır məhsul olub. Araq üzrə isə bu göstərici 195,1 min dekalitr təşkil edib.