Beynəlxalq iqtisadi statistika platforması Trading Economics Azərbaycan iqtisadiyyatı üzrə 2026-cı il üçün əsas makroiqtisadi göstəricilərin proqnozlarını yeniləyib.
Proqnozlara əsasən, ölkədə ümumi daxili məhsulun (ÜDM) illik artım tempinin 2026-cı ildə mərhələli şəkildə yüksələcəyi gözlənilir. Belə ki, ÜDM artımının birinci rübdə 1,8 faiz, ikinci rübdə 3 faiz, üçüncü rübdə 2,6 faiz, dördüncü rübdə isə 2,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Hazırda bu göstərici 0,3 faiz səviyyəsindədir.
Eyni zamanda inflyasiyanın tədricən azalacağı gözlənilir. Hazırda 5,7 faiz olan inflyasiya səviyyəsinin birinci rübdə 4,7 faiz, ikinci rübdə 4,3 faiz, üçüncü rübdə 4 faiz, ilin sonuna doğru isə 3,5 faizədək enəcəyi ehtimal olunur.
Pul-kredit siyasəti ilə bağlı proqnozlara görə, hazırda 6,5 faiz olan faiz dərəcəsinin birinci rübdə 6,75 faiz, ikinci rübdə 6,5 faiz, üçüncü rübdə 6,25 faiz, ilin sonunda isə 6 faiz səviyyəsində olacağı gözlənilir.
Proqnozlarda əmək bazarı göstəricilərinə də yer verilib. Buna əsasən, ölkədə işsizlik səviyyəsinin ilin sonuna doğru 5,4 faiz səviyyəsində olacağı ehtimal edilir.
Digər makroiqtisadi göstəricilərə görə cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 2,2 faiz, dövlət borcunun ÜDM-ə nisbətinin isə təxminən 20 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsirinin isə ÜDM-in 1,5 faizi səviyyəsində olacağı gözlənilir.
Proqnozlara əsasən, milli valyutanın məzənnəsinin də ilin böyük hissəsində sabit qalacağı və 1 ABŞ dolları üçün təxminən 1,7 manat səviyyəsində formalaşacağı ehtimal edilir.
Platforma dünyanın 196 ölkəsi üzrə 20 milyondan çox iqtisadi göstərici haqqında məlumat təqdim edir. Bu məlumatlara faktiki statistik göstəricilər, ekspert konsensus proqnozları, gələcək gözləntilər və iqtisadi xəbərlər daxildir. Azərbaycan üzrə son proqnozlar 2026-cı il martın 15-də yenilənib. Trading Economicsin təqdim etdiyi statistik məlumatlar və proqnozlar investorlar, analitiklər və iqtisadi tədqiqat institutları tərəfindən qlobal və regional iqtisadi meyillərin qiymətləndirilməsi üçün geniş istifadə olunur.
MONETAR.AZ