Azərbaycanda dövlət maliyyə idarəçiliyində yeni islahatlara start verilib

Azərbaycanda dövlət maliyyə sisteminin daha şəffaf və səmərəli şəkildə idarə olunması məqsədilə genişmiqyaslı islahatlara başlanılıb. Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə yeni islahatlar çərçivəsində dövlət büdcəsinin gəlir və xərcləri dərin təhlil ediləcək, büdcə vəsaitlərinin daha məqsədyönlü və effektiv istifadəsi üçün optimallaşdırma işləri aparılacaq. Eyni zamanda dövlət maliyyə nəzarəti, xəzinədarlıq və mühasibat uçotu sahələrində də ciddi təkmilləşdirmələr nəzərdə tutulur.
Sahil Babayev əlavə edib ki, rəqəmsallaşma prosesi də bu islahatların əsas hissəsidir: Büdcə idarəetməsində müasir elektron həllərin tətbiqi genişləndiriləcək. Eyni zamanda Milli Məclisdə səsləndirilən təkliflər islahat paketi çərçivəsində bir daha dəyərləndiriləcək.
Qeyd edək ki, dövlət maliyyə sistemində aparılacaq dəyişikliklər büdcə xərclərində şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və vəsaitlərin prioritet istiqamətlərə yönəldilməsi məqsədini daşıyır.
MONETAR.AZ