İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində mühüm infrastruktur layihələrinin icrası nəzərdə tutulur.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev jurnalistlərə açıqlama verib.
İ. Quliyevin sözlərinə görə, artıq Həkəriçay və Bərgüşadçay su anbarları üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb. Layihəyə əsasən, Həkəriçay su anbarı – 91 milyon kubmetr həcmində, Bərgüşadçay su anbarı – 67 milyon kubmetr həcmində olacaq.
Hər iki layihə Laçın, Qubadlı, Zəngilan və ətraf rayonların suvarma və içməli su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Bundan əlavə, Sərsəng su anbarı üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir. Sərsəng layihəsinə əsasən, 565 milyon kubmetr həcmə malik su anbarı yaradılacaq və bu obyekt Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar əkin sahəsinin suvarılmasına xidmət edəcək.
Agentlik rəsmisi həmçinin əlavə edib ki, Qız qalası su anbarı və ondan çıxacaq 52 km-lik magistral kanal, eləcə də Tərtərçay Sağ Sahil suvarma kanalı üzrə layihə-smeta sənədləri də hazırdır. Gözləntilərə görə, yaxın zamanlarda bu layihələrin icrasına start veriləcək.
MONETAR.AZ