Yeni dünya düzəni: iqtisadiyyatda əsas trendlər

Yeni dünya düzəni:
19 İyun 2025 09:09

Dünya iqtisadiyyatı dərin transformasiya mərhələsinə qədəm qoyur. Bu dəyişikliklərin təməlində geosiyasi gərginliklər, texnoloji inqilab və ekoloji çağırışlar dayanır. 2025-ci ildə beynəlxalq iqtisadi münasibətlərin konturları daha da sərtləşir: protektsionizm güclənir, qlobal ticarət fraqmentləşir, yoxsulluq və sosial bərabərsizlik dərinləşir, eyni zamanda texnoloji tərəfdaşlıq və yaşıl iqtisadiyyata keçid ümid mənbəyi kimi qalır.

Geosiyasi risklər və silahlanma yarışının yeni dalğası

Son illərdə iqlim dəyişiklikləri və karbonsuz iqtisadiyyat gündəmi fonunda müzakirələr ön planda olsa da, artıq geosiyasi gərginliklər və müharibə riskləri prioritetə çevrilib. 2024-cü il son 60 ilin ən çox silahlı münaqişə baş verən ili olub, 2025-ci ildə bu tendensiyanın davam edəcəyi gözlənilir.

Hesabatlara əsasən, qlobal hərbi xərclər 2,4 trilyon dolları keçib, bu isə 2005-ci illə müqayisədə iki dəfədən çox artım deməkdir. Texnologiyanın hərbiləşməsi prosesi yalnız ABŞ-da deyil, həmçinin Çin, Hindistan və Rusiyada da genişlənir.

 Qlobal ticarətdə proteksionizm

2009–2023-cü illər ərzində G20 ölkələri 2 284 ticarət məhdudiyyəti tətbiq ediblər, onların yarıdan çoxu 2014-cü ildən sonra baş verib. 2025-ci ildə ABŞ-ın onlarla ölkəyə qarşı idxal rüsumlarını artırması dünya ticarətində parçalanmanı dərinləşdirib. Bu isə beynəlxalq ticarətin liberal modeldən uzaqlaşaraq milli maraqlara əsaslanan iqtisadi "imperializmə" keçidini göstərir.

Dayanıqlı inkişaf: məqsədlər çox, resurs az

BMT-nin 2015-ci ildə qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qlobal irəliləyiş cəmi 17 % səviyyəsində qalır. Halbuki Rusiya bu məqsədlərin 63 %-ni reallaşdırıb. Lakin əsas problem – maliyyə çatışmazlığıdır. Boris Titovun sözlərinə görə, rəqəmsal platformalar və vergi texnologiyaları bu boşluğu doldura bilər. Məsələn, Rusiya tərəfindən təqdim edilən vergi proqramı Qırğızıstan büdcəsinə milyardlarla əlavə gəlir gətirib.

Süni intellekt: iqtisadiyyatın yeni mühərriki

Texnoloji inqilab yalnız sənaye sahələrində deyil, iqtisadi modelin strukturunda da dərin dəyişikliklər vəd edir. Süni intellekt və kvant hesablama texnologiyaları klassik bazar qanunlarını dəyişə bilər: artıq təklif deyil, tələb iqtisadiyyatın istiqamətini müəyyən edəcək. Bu, investisiya səviyyəsi kimi göstəricilərdən çox sosial rifah, gəlir bərabərliyi və həyat keyfiyyəti kimi meyarlara keçidi stimullaşdıracaq.

 Güvən və sosial məsuliyyət – yeni iqtisadi sabitliyin şərti

Aparılan sorğular göstərir ki, son 15 ildə dünyada "insanlara etibar etmək olar" deyənlərin sayı 20 % azalıb. Dövlətlərə güvən 65%-dən 52%-ə, mediaya 56%-dən 50%-ə düşüb. Lakin sosial məsuliyyətli biznes modelləri bu boşluğu qismən kompensasiya edir. Bəzi şirkətlərin işçilər və onların ailələri üçün yaratdığı sosial dəstək proqramları dövlətin təqdim etdiyi mexanizmlərdən belə daha effektiv görünür.

Hazırkı dünya düzəni təhlükə və fürsətlərin paralel mövcudluğu ilə xarakterizə olunur. Bir tərəfdən geosiyasi risklər, proteksionizm, bərabərsizlik dərinləşir, digər tərəfdən isə texnologiya, yaşıl iqtisadiyyat və regional əməkdaşlıq yeni mərhələyə keçid üçün imkan yaradır.


Oxşar xəbərlər