Donald Tramp: "Özüm daha yaxşısını edə bilərdim"

Donald Tramp:
19 İyun 2025 08:24

ABŞ Federal Ehtiyat Sistemi (FED)  baza faiz dərəcəsini dəyişməyərək 4,25–4,50 faiz aralığında saxlayıb. Bu FED-in ardıcıl dördüncü dəfə faizlərə toxunmaması deməkdir. İclasın yekun bəyanatında ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliyin azaldığı, lakin hələ də yüksək olaraq qaldığı vurğulanıb. İşsizlik səviyyəsinin aşağı, əmək bazarının isə güclü qalmaqda davam etdiyi qeyd edilib.

FED 2025-ci ilin sonuna qədər iki dəfə faiz endirimi ehtimalını qüvvədə saxlayıb və federal fond faizinə dair proqnozunu əvvəlki kimi 3,9 faiz səviyyəsində qoruyub. 2026-cı il üzrə faiz proqnozu 3,4 faizdən 3,6 faizə, 2027-ci il üçün isə 3,1 faizdən 3,4 faizə yüksəldilib. Bu dəyişikliklər faizlərin növbəti illərdə daha yavaş endiriləcəyinə işarə edir. Eyni zamanda, qurum iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlarını da yeniləyib. 2025-ci il üçün iqtisadi artım gözləntisi 1,7 faizdən 1,4 faizə endirilib, inflyasiya proqnozu isə 2,7 faizdən 3 faizə qaldırılıb. İnflyasiya üçün göstəricilər də artırılaraq 2025-ci il üzrə 3,1 faiz səviyyəsinə çatdırılıb. FED həmçinin işsizliklə bağlı gözləntilərini də azacıq artıraraq ilin sonu üçün 4,5 faiz proqnozlaşdırıb.

Qərardan sonra mətbuat qarşısına çıxan FED sədri Jerome Pouell hazırkı pul-kredit siyasətinin uyğun səviyyədə olduğunu deyib. O, inflyasiyanın azalmaqda olduğunu, lakin hələ də 2 faiz hədəfinin üzərində qaldığını qeyd edib. Powell tarif artımlarının qiymətlərə təzyiq göstərməyə başladığını və yay aylarında bu təsirlərin daha da hiss olunacağını bildirib. Onun sözlərinə görə FED vəziyyəti yaxından izləyir və hələlik gözləmə mövqeyində qalaraq daha çox məlumat toplamağı üstün tutur. Sədr əlavə edib ki, faiz artımı qurumun əsas ssenarisi deyil, lakin heç bir variant da masadan kənarlaşdırılmayıb.

Qərarın verildiyi gün ABŞ Prezidenti Donald Trump da çıxış edərək FED sədrini sərt tənqid atəşinə tutub. Trump Jerome Pouelli "axmaq" adlandıraraq faiz endirimi etməməkdə, siyasi davranmaqda və ABŞ iqtisadiyyatına zərər vurmaqda ittiham edib. Avropada faizlərin endirildiyini, lakin ABŞ-da heç bir addım atılmadığını deyən preziden, özünün FED-ə rəhbərlik etməyə icazəsi olub-olmadığını soruşaraq bu sahədə daha yaxşı iş görə biləcəyini bildirib.

Qeyd edək ki, FED son faiz endirimini 2024-cü ilin dekabrında həyata keçirib. Həmin dövrdən bəri qurum Donald Trump administrasiyasının tətbiq etdiyi yeni gömrük rüsumları və digər ticarət siyasətlərinin iqtisadiyyata və qiymətlərə təsirini qiymətləndirmək məqsədilə ehtiyatlı mövqe tutaraq faiz dərəcələrində dəyişiklik etməyib.

MONETAR.AZ


Oxşar xəbərlər