Azərbaycan nefti hansı ölkəyə və neçəyə satılır? 

Azərbaycan nefti
19 İyun 2025 08:48

Azərbaycan bu ilin 5 ayında  10 milyon 363 min ton xam neft ixrac edib. Bu həcmdə neftin statistik dəyəri isə 5 milyard 642 milyon ABŞ dolları olub. Bu hesabla Azərbaycan 2025-ci ilin ilk aylarında təxminən 75,98 milyon barel xam neft ixrac edib. Beləliklə, 1 barel Azərbaycan neftinin orta ixrac qiyməti 74,3 dollar təşkil edib.

Lakin ölkələr üzrə qiymət fərqləri diqqətçəkicidir. Statistikaya gör, ən çox Azərbaycan nefti alan ölkə İtaliya olub. Bu ölkəyə 5,73 milyon ton neft satılıb və ixracın ümumi dəyəri 3 milyard 88 milyon dollar təşkil edib. Nəticədə, İtaliya Azərbaycan neftinin 1 barelini təxminən 73,5 dollara alıb. 

İkinci sırada yer alan Xorvatiyaya 744 min ton neft ixrac olunub və bu satışdan əldə olunan gəlir 408,8 milyon dollar olub. Bu ölkəyə satılan neftin 1 barelinin orta qiyməti 74,9 dollar təşkil edib. Rumıniya, Almaniya, Çexiya, Yunanıstan və digər Avropa ölkələri də Azərbaycan neftini 74–76 dollar aralığında alıblar.

Bəzi ölkələrdə qiymətlər orta göstəricidən əhəmiyyətli dərəcədə yüksək olub. Məsələn, İsveçrəyə satılan neftin barel qiyməti təxminən 81,9 dollar, Bolqarıstana isə 82,9 dollar olub. Bu isə onu göstərir ki, bəzi alıcılarla bağlanmış müqavilələr ya fərdi şərtlərlə tənzimlənir, ya da həmin ölkələrin logistika və keyfiyyət tələbləri qiymətə təsir göstərir.

Ən aşağı qiymətə Azərbaycan nefti Türkiyəyə satılıb. Statistikaya əsasən, bu ölkəyə 34,8 min ton neft ixrac edilib və ixrac dəyəri 16,9 milyon dollar olub. Hesablamalara görə, Türkiyə Azərbaycan neftinin hər barelini orta hesabla 66,2 dollara alıb. Bu, orta bazar qiymətindən təxminən 8 dollar ucuzdur.

Bu göstəricilər göstərir ki, Azərbaycan ixrac etdiyi neft üçün sabit bir qiymət siyasəti izləsə də, ölkələr üzrə müqavilə şərtləri, tələbat, məsafə və logistik xərclər nəzərə alınaraq qiymətlərdə fərqlər yaranır. Ənənəvi Avropa bazarları Azərbaycan neftinin əsas alıcıları olaraq qalır və onların əksəriyyəti dünya bazar qiymətlərinə uyğun təkliflərlə alış həyata keçirirlər. Lakin bəzi regionlara – xüsusilə Yaxın Şərq və Asiyaya – qiymət fərqləri daha qabarıq şəkildə özünü göstərir.

MONETAR.AZ


Oxşar xəbərlər