Neftin taleyi bir boğazdan asılıdır – Hörmüz qapanarsa nə baş verəcək?

Hörmüz boğazı dəniz yolu ilə daşınan neftin təxminən 25 faizinə və mayeləşdirilmiş təbii qazın 20 faizinə ev sahibliyi edir. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bildirir ki, 2023-cü ildə buradan orta hesabla gündəlik 21 milyon barel xam neft və kondensat keçib. Bu həcmin 83 faizi Asiya bazarlarına – əsasən Çinə, Hindistana, Yaponiyaya və Cənubi Koreyaya yönəlib.
ABŞ da bu marşrutdan yan keçə bilməyib – 2023-cü ildə gündəlik təxminən 500 min barel nefti Hörmüz boğazından idxal edib. Bu, ölkənin ümumi xam neft və kondensat idxalının 8 faizi, ümumi neft məhsulları istehlakının isə 2 faizi deməkdir.
İranın təhdidləri və bazarların reaksiyasıİran son illərdə bir neçə dəfə Hörmüz boğazını bağlamaqla hədələyib. Lakin bu hədə heç vaxt tam həyata keçməyib. Ekspertlərin fikrincə, risk real olsa da, boğazın tam bağlanma ehtimalı hələ də aşağı qiymətləndirilir. Amma əgər bu baş verərsə, enerji bazarlarında sarsıntı qaçılmaz olacaq. Qısa müddətli bağlanma belə neft qiymətlərində ani sıçrayışa, uzunmüddətli kəsinti isə qlobal enerji sistemində ciddi böhranlara səbəb ola bilər.
Hazırda yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Hörmüzü keçmədən öz neftini boru kəmərləri ilə dünya bazarına çıxara bilir. Digər region ölkələri üçün isə alternativ yol demək olar ki, mövcud deyil.
Qlobal enerji xəritəsində digər kritik keçidlərHörmüz boğazı ilə yanaşı, dünya enerji logistikasında bir neçə digər mühüm dəniz və quru marşrutu var. Onlardan ən böyüyü Malakka boğazıdır – Malay yarımadası ilə Sumatra adasını ayıran bu keçiddən gündəlik 23,7 milyon barel neft daşınır. Bu, xüsusən Asiya üçün əsas enerji arteriyası hesab olunur.
Əlavə olaraq, Süveyş kanalı, SUMED boru kəməri və Bab əl-Məndəb boğazı da Fars körfəzi neft və qazının Avropa və Şimali Amerikaya çıxışında həlledici rol oynayır. Bu marşrutlar bir-biri ilə zəncirvari bağlı olduğundan biri ətrafında yaranan risk bütün sistemə yayılır.
Enerji təhlükəsizliyi yeni yanaşma tələb edirHörmüz boğazında hərbi və ya siyasi insident yalnız region üçün deyil, bütün dünya üçün enerji təchizatında təlatüm yarada bilər. Bu fakt qlobal enerji təhlükəsizliyinə yenidən baxış ehtiyacını ortaya qoyur. Yalnız strateji ehtiyatlar yaratmaqla deyil, alternativ marşrutların diversifikasiyası, rəqəmsal nəzarət sistemlərinin gücləndirilməsi və regionlararası enerji əməkdaşlığının dərinləşdirilməsi ilə bu risklərə qarşı dayanıqlı müdafiə qurmaq mümkündür.
Qlobal enerji bazarları isə artıq təkcə qiymət siqnallarına deyil, boğazların geosiyasi taleyinə də reaksiya verir. Hörmüz boğazı hazırda yalnız dəniz yolu deyil. Bu, dünyanın gələcəyini müəyyən edən geosiyasi indikatorlardan biridir.
MONETAR.AZ