G7 - simvolik liderlik, yoxsa real təsir gücü?

Bu həftə dünyanın ən zəngin ölkələrinin liderləri Kanadanın Alberta bölgəsindəki Kananaşkisdə baş tutan 51-ci G7 Sammiti üçün bir araya gəlib. Kanadanın Baş naziri Mark Karni ev sahibliyi etdiyi tədbirdə ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Keir Starmer və digər G7 liderləri iştirak ediblər. Sammitin gündəmində ticarət gərginlikləri, qlobal iqtisadiyyat, Orta Şərqdə artan təhlükə və Ukrayna müharibəsi yer alıb.
ABŞ Prezidenti Tramp bazar ertəsi sammitin əsas müzakirələrindən sonra Kanadadan gözlənilmədən ayrılıb. Bu, onun çoxtərəfli diplomatiyaya marağının zəiflədiyinin daha bir göstəricisi kimi dəyərləndirilib.
Rəsmi olaraq "Yeddilər Qrupu" adlanan G7 hələ də qlobal liderlik iddiasını qoruyur. Lakin ekspertlər bu qurumun dünya iqtisadiyyatının yeni reallıqları ilə ayaqlaşa bilmədiyini bildirirlər.
2018-ci ildə iqtisadi siyasət üzrə mütəxəssislər Cim O’Nill və Alessio Terzi G7-nin hazırkı formatda artıq aktuallığını itirdiyini və daha təmsilçi bir formatla əvəzlənməli olduğunu qeyd etmişdilər. Onlar G7-də Almaniya, Fransa və İtaliyanın əvəzinə vahid Avrozonanı təmsil edən nümayəndə, Kanadanın əvəzində Braziliya, və ən əsası Çin və Hindistanın əlavə edilməsini təklif ediblər. Bu dəyişiklik, həm iqtisadi, həm də demoqrafik baxımdan daha balanslı təmsilçiliyi təmin edə bilərdi.
1980 və 1990-cı illərdə qlobal alıcılıq qabiliyyətinə görə hesablanan ÜDM-də G7 ölkələrinin payı 50 %-dən çox idi. Bu göstərici hazırda 28 %-ə enib. Əhalinin sayına gəlincə, G7 ölkələri hazırda dünyanın cəmi 10%-dən azını təşkil edir. Bu isə onu göstərir ki, qrup nə iqtisadi, nə də demoqrafik baxımdan bugünkü dünya düzənini tam əhatə etmir.
Buna baxmayaraq, bəzi mütəxəssislər G7-nin dəyərini itirmədiyini düşünür. Beynəlxalq Münasibətlər Şurasının (CFR) baş tədqiqatçısı Stüart M. Patrik bu barədə deyir: “G7 Qərbin idarə edə bildiyi, çevik bir istiqamətverici mexanizmdir. Onlar ortaq dəyərlərin və qaydalara əsaslanan qlobal nizamın daşıyıcısıdır.”
G7 bu gün də “qlobal qərb nizamı”nın simvolu kimi çıxış etsə də, iqtisadi güc mərkəzinin Asiya və inkişaf edən bazarlara doğru sürüşməsi onun reallıqdakı təsir gücünü məhdudlaşdırır. Hazırkı formatın nə qədər davamlı və təmsilçi olması isə açıq sual olaraq qalır.
MONETAR.AZ