Mərkəzi banklar qızılı seçir – dollar ehtiyatları arxa planda

Mərkəzi banklar qızılı seçir –
17 İyun 2025 15:40

Dünya üzrə mərkəzi banklar qızıl ehtiyatlarını artırmaqda qərarlıdır. Dünya Qızıl Şurasının (World Gold Council) 2025-ci il üzrə “Mərkəzi Bankların Qızıl Ehtiyatları Sorğusu” bu tendensiyanı təsdiqləyir. Sorğuda iştirak edən 73 mərkəzi bank nümayəndəsinin 95 faizi yaxın 12 ay ərzində qızıl ehtiyatlarını artıracağını bildirib.

Sorğu nəticələri göstərir ki, mərkəzi banklar təkcə qısamüddətli deyil, həm də orta və uzun müddətli rezerv siyasətlərində də qızıla üstünlük verir. Respondentlərin:

  • 43 faizi qarşıdakı 5 ildə öz ölkəsinin qızıl ehtiyatlarını artıracağını,

  • 57 faizi isə ehtiyatların dəyişməyəcəyini gözləyir.

Ən diqqətçəkən məqam isə heç bir bank nümayəndəsinin qızıl ehtiyatlarının azalacağını düşünməməsidir.

Əksinə, dollar ehtiyatları ilə bağlı proqnozlar azalmanı göstərir:

  • 28 faiz ciddi azalma,

  • 45 faiz orta səviyyəli azalma,

  • 17 faiz isə dəyişiklik gözləmədiyini bildirib.

Bu isə dünya üzrə ehtiyat valyutası kimi dolların mövqeyində sakit, amma davamlı geriləmə prosesinin getdiyinə işarə edir.

Qızılın rezerv kimi seçilməsinin əsas səbəbi onun böhran dövründə dayanıqlılığıdır. Sorğuda iştirak edən mərkəzi bank nümayəndələrinin:

  • 85 faizi bu amili əsas motivasiya kimi göstərib.

  • 81 faizi qızılın portfelin şaxələndirilməsinə verdiyi töhfəni,

  • 80 faizi isə onun uzunmüddətli dəyər qoruma xüsusiyyətini önə çəkib.

Bu tendensiya xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha güclü hiss olunur. EMDE (Emerging Markets and Developing Economies) qrupunda bu fikirlə razılaşanların payı 87 faiz, inkişaf etmiş ölkələrdə isə 77 faiz təşkil edib.

Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda mərkəzi banklar daha sabit, etibarlı və uzunmüddətli aktivlərə yönəlir. Qızıl bu baxımdan yenidən etibarlı liman statusunu möhkəmləndirir. Eyni zamanda, dolların rezervlərdəki payının tədricən azalması, beynəlxalq maliyyə sistemində çoxqütblü rezerv strukturu dövrünün başlandığını göstərir.

MONETAR.AZ


Oxşar xəbərlər