Müsadirə olunmuş əmlaklar hərraca çıxarılır – Qiymətlər yarıbayarı ucuzlaşıb

Hərracların Təşkili Mərkəzi tərəfindən 17 iyul 2025-ci il tarixində saat 11:00-da xüsusi müsadirə olunmuş əmlakların təkrar hərracı keçiriləcək. Hərraca çıxarılan əmlaklar artıq 5 dəfədən çox təqdim edildiyinə görə 50 faizə qədər endirimlə satışa çıxarılır. Hərracda iştirak etmək istəyən şəxslər əvvəlcədən əmlakın start qiymətinin 10 faizi qədər beh ödəməlidirlər.
Hərraca çıxarılan əmlaklar müxtəlif rayonlarda yerləşir.
Xətai rayonu üzrə Samsung Galaxy A3 markalı, SM A320F model mobil telefon (2 ədəd) 120 manat start qiyməti ilə təklif olunur. Bu əmlak Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerində saxlanılır və hər biri üzrə 12 manat beh məbləği müəyyən edilib.
Gədəbəy rayonunda isə “Köhnə bazar” adlanan ərazidə, S.Vurğun küçəsində yerləşən 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi 10 000 manat start qiyməti ilə satışa çıxarılıb. Bu əmlak üzrə beh məbləği 1 000 manat təşkil edir.
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən torpaq sahələri də təkrar hərraca çıxarılır. Burada ümumilikdə dörd torpaq sahəsi – 0.1, 0.03, 0.07 və 0.08 hektar olmaqla – müvafiq olaraq 11 000, 3 750, 8 050 və 8 000 manat start qiymətləri ilə təklif olunur. Bu sahələr üzrə beh məbləği müvafiq qaydada hesablanıb.
Xızı rayonunda isə iki yaşayış təyinatlı əmlak satışa çıxarılır. Qızılqazma kəndində yerləşən 150 kvadratmetrlik bağ evi 75 000 manat start qiyməti ilə, M.Müşfiq küçəsində yerləşən 200 kvadratmetrlik fərdi yaşayış evi isə 80 000 manat start qiyməti ilə təqdim olunur. Hər iki əmlak üzrə beh məbləği müvafiq olaraq 7 500 və 8 000 manat təşkil edir.
Qeyd edək ki, sadalanan bütün əmlaklar təkrar olaraq və endirimlə satışa çıxarıldığı üçün maraqlanan şəxslərin vaxtında müraciət etməsi, behi ödəyərək qeydiyyatdan keçməsi vacibdir. Əmlaklar barədə ətraflı məlumat və iştirak qaydaları ilə Hərracların Təşkili Mərkəzi vasitəsilə tanış olmaq mümkündür.
MONETAR.AZ