Gələn həftədən buğda sahələrində kütləvi biçinə start veriləcək

Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Buğda sahələrinin 8,6 faizi, arpa sahələrinin isə 55,3 faizi biçilib. Buğda üzrə orta məhsuldarlıq 34.7 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 32 sent/ha təşkil edir. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.
Bugünədək sahələrdən 904 min ton məhsul yığılıb. Hazırda respublikanın 50 rayonunda aktiv biçin prosesi gedir. Biçinə 1534 kombayn cəlb olunub. Kombaynlardan 585-i “Aqroservis” ASC-nin, 949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.
Artıq Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bu rayonlar üzrə arpa sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb. Bir çox rayonlarda isə arpa biçini ilə paralel buğda biçininə də start verilib. Hazırda ən çox buğda biçini Yevlax (86%) və Masallı (33%) rayonlarında aparılıb.
Qeyd edək ki, biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Biçin prosesinin başlamadığı rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında aktiv biçin bölgələrinə göndərilir. Bu mexanizm kombayna olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir.
Respublikada gələn həftədən başlayaraq buğda sahələrində kütləvi biçinə start veriləcək. Ümumilikdə biçin prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır.
MONETAR.AZ