İsveçrə Mərkəzi Bankı uçot dərəcəsini 0-a endirdi

İsveçrə Milli Bankı (SNB) bu gün açıqladığı qərarla əsas faiz dərəcəsini 0,25%-dən 0%-ə endirib. Bank bu addımı son aylarda inflyasiya təzyiqlərinin azalması ilə əsaslandırıb.
Rəsmi açıqlamada bildirilir: “İnflyasiyanın zəifləməsi fonunda qəbul olunan bu qərar monetar siyasətin yumşaldılmasına yönəlib. Biz iqtisadi durumu diqqətlə izləməyə davam edəcəyik və zərurət yaranarsa, monetar siyasətimizi yenidən tənzimləməyə hazırıq”.
Qeyd edək ki, bir çox ölkədə inflyasiya hələ də yüksək səviyyədə qalarkən, İsveçrədə bu göstərici may ayında mənfi 0,1% təşkil edib. Ekspertlərə görə, bu tendensiya İsveçrə frankının güclü mövqeyi ilə izah olunur. Güclü frank idxal mallarının qiymətini aşağı salır və nəticədə daxili bazarda inflyasiya azalır.
Bununla yanaşı, investorlar frankı makroiqtisadi qeyri-müəyyənlik dövründə etibarlı aktiv kimi qiymətləndirirlər. Bu da valyutanın məzənnəsini daha da gücləndirir.
Bir sıra analitiklər bildirirlər ki, İsveçrə Mərkəzi Bankı yaxın aylarda faiz dərəcəsini mənfi səviyyəyə – yəni -0,25% və ya hətta -0,75%-ə endirə bilər.
MONETAR.AZ