Media bazarını itirir - İnsanlar xəbərdən uzaqlaşır

Ukrayna müharibəsi Yaxın Şərqdə davam edən gərginliklər, ticarət müharibələri, inflyasiya və qlobal qeyri-sabitlik – bütün bu mənfi xəbərlərin artması fonunda insanlar getdikcə daha çox informasiya yorğunluğu ilə üzləşir. Yeni araşdırmalara görə, bu hal insanların xəbərlərə marağını azaldıb.
Reuters Institute tərəfindən aparılan 2025-ci il Rəqəmsal Xəbər Hesabatı göstərir ki, 48 ölkəni əhatə edən sorğuda iştirak edənlərin orta hesabla 40 %-i bəzən və ya tez-tez xəbərlərdən qəsdən uzaqlaşdıqlarını bildiriblər. Müqayisə üçün, 2017-ci ildə bu rəqəm cəmi 29% idi.
Hesabatda bu fenomen “seçici xəbərdən yayınma” (selective news avoidance) adlandırılır və son illərdə demək olar ki, bütün bazarlarda artdığı vurğulanır. Xüsusilə Böyük Britaniya və ABŞ kimi ölkələrdə respondentlərin 40 %-dən çoxu xəbər istehlakını bilərəkdən azaltdıqlarını etiraf edib.
Araşdırmaya əsasən, xəbərləri izləməkdən qaçanlar əsasən iki qrupa bölünür:
-
Daimi yayınanlar – adətən aşağı təhsil səviyyəsinə malik, xəbərlərə ümumiyyətlə maraq göstərməyən şəxslər.
-
Seçici yayınanlar – xəbərlərin çoxluğundan emosional yüklənmə yaşayan, müəyyən mövzulardan uzaq duraraq psixoloji rifahlarını qorumağa çalışan insanlar.
Bundan əlavə, xəbərdən yayınma hallarının artması mediaya olan inamsızlıq ilə də sıx əlaqələndirilir.
Bu tendensiy, media şirkətləri və informasiya bazarları üçün ciddi xəbərdarlıqdır. İnformasiya bolluğu dövründə insanlar yalnız etibarlı, obyektiv və emosional yüklənmədən uzaq məzmun axtarırlar. Rəqəmsal platformalar üçün isə bu, həm etibar, həm də psixoloji yükü azaltmaq baxımından yeni strategiyaların formalaşdırılmasını tələb edir.
MONETAR.AZ