Bu gün Mərkəzi Bankın faiz qərarı açıqlanacaq – Ssenarilər və gözləntilər

Bu gün Mərkəzi Bankın faiz qərarı açıqlanacaq –
11 İyun 2025 10:00

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı  2025-ci il üzrə dördüncü faiz qərarını açıqlayacaq.

Monetar.az xəbər verir ki, rəsmi press-reliz saat 11:00-da yayımlanacaq.

Mərkəzi Bank artıq 8 iclasdır ardıcıl olaraq uçot dərəcəsini dəyişməz saxlayır. Sonuncu, 23 aprel 2025-ci il tarixində  verilmiş qərarda uçot dərəcəsi 7,25 %, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 faiz səviyyəsində saxlanılıb. Bu qərar inflyasiya göstəriciləri, daxili və xarici risklər nəzərə alınaraq verilib.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin gələcəkdə dəyişdirilməsi ilə bağlı qərarlar inflyasiya göstəricilərinin dinamikası, iqtisadi risklərin səviyyəsi və gözləntilərin sabitliyi əsasında veriləcək.

Uçot dərəcəsinin artırılması bankların Mərkəzi Bankdan daha yüksək faizlə borc almasına səbəb olur ki, bu da kommersiya banklarının kredit faizlərini yüksəltməsi ilə nəticələnə bilər. Bu, öz növbəsində borc götürmək istəyənlərin sayını azaldır, istehlak və investisiya xərcləri zəifləyir və inflyasiya təzyiqləri azalır.

Əksinə, uçot dərəcəsinin azaldılması bankların daha ucuz vəsait əldə etməsinə və nəticədə əhaliyə daha sərfəli kreditlər təklif etməsinə imkan yaradır. Bu hal istehlakın və iqtisadi aktivliyin artmasına səbəb ola bilər. Lakin eyni zamanda bazarda pul kütləsinin artması inflyasiya risklərini də yüksəldə bilər.

Əgər Mərkəzi Bank bu gün də uçot dərəcəsini sabit saxlayarsa bu, bank sektorunda və maliyyə bazarlarında sabitliyin qorunmasına, eyni zamanda inflyasiyanın nəzarətdə saxlanmasına xidmət edəcək.

Azərbaycanda uçot dərəcəsi son illərdə müxtəlif mərhələlərdə dəyişib. 2016-cı ilin sentyabrında inflyasiya təzyiqləri fonunda uçot dərəcəsi 15%-ə qədər artırılmışdı. Ən aşağı səviyyə isə 2009-cu ildə 2% olub.


Oxşar xəbərlər