Hansı bölgənin sakinləri krediti vaxtında ödəmir?

Hansı bölgənin sakinləri
11 İyun 2025 14:52

Bu ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş (problemli) kreditlərin ümumi məbləği 451,7 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən Monetar.az məlumat yayıb.

Reytinqə əsasən, problemli kreditlərin əksəriyyəti Bakı şəhərində cəmlənib. Belə ki, 344,9 milyon manatlıq problemli kredit məhz paytaxta aiddir. Bu, ümumi göstəricinin təxminən 76 faizinə bərabərdir.

Bakıdan sonra siyahıda Sumqayıt (16,5 milyon manat) və Gəncə (12 milyon manat) gəlir. İlk üçlükdə yer alan bu şəhərlər birlikdə ölkədəki gecikmiş kreditlərin 83 faizdən çoxunu təşkil edir.

Rayonlar üzrə göstəricilərə nəzər saldıqda, Abşeron rayonu (7 milyon manat), Şəmkir (4,9 milyon manat), Naxçıvan şəhəri (4,3 milyon manat) və Neftçala (4 milyon manat) daha yüksək göstəriciyə sahibdir. Siyahıda daha aşağı yerlərdə olan rayonlarda isə bu məbləğ 100 min manatdan da azdır.

Qeyd olunmalıdır ki, Şahbuz, Xankəndi, Kəlbəcər, Cəbrayıl, Laçın, Şuşa, Zəngilan, Ordubad və digər Qarabağ bölgəsinə aid ərazilərdə isə ümumiyyətlə vaxtı keçmiş kredit qeydə alınmayıb. Mütəxəssislər bunu həmin bölgələrdə hələ də bank infrastrukturunun tam formalaşmaması və kreditləşmənin məhdud olması ilə əlaqələndirirlər.


Oxşar xəbərlər