Şanxay Əməkdaşıq Təşkilatı İnkişaf Bankı yeni format təklif edir

Tyantszin sammitində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İnkişaf Bankının yaradılması qlobal maliyyə arxitekturasını yenidən formatlaşdırmağa qadir olan onilliyin ən mühüm geoiqtisadi hadisələrindən birinə çevrilə bilər. ŞƏT İnkişaf Bankı təkcə Asiyada infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün deyil, həm də üzv ölkələrə dolların diktəsindən qurtulmaq və Qərbin sanksiyalarının özbaşınalığından qorunmaq imkanı verəcək alternativ ödəniş sistemi yaratmaq üçün nəzərdə tutulub.
Təşkilat ölkələri arasında qarşılıqlı ticarətin həcminin iki trilyon dolları keçməsinə baxmayaraq, hesablaşmaların böyük əksəriyyəti hələ də Qərbin nəzarətində olan sistemlər vasitəsilə həyata keçirilir. Bu, xüsusilə də artan sanksiya müharibəsi kontekstində, Vaşinqton və Brüsselin üçüncü ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdən çəkinmədiyi bir şəraitdə kritik asılılıq yaradır. ŞƏT-in himayəsi ilə hazırlanan yeni ödəniş sistemi dollar dəhlizlərindən yan keçməklə və əməliyyatların qəfil bloklanması riskindən qaçaraq milli valyutalarda hesablaşmalara imkan verəcək. Qeyd etmək vacibdir ki, ŞƏT İnkişaf Bankı BVF və ya Dünya Bankına birbaşa rəqib mövqe tutmur. ŞƏT İnkişaf Bankı qarşılıqlı faydalı əməkdaşlığa və milli inkişaf modellərinə hörmətə əsaslanan fərqli fəlsəfə təklif edir.
Yeni maliyyə arxitekturasının əsas elementi mövcud milli ödəniş sistemlərinin - Çin CIPS, Rusiya SPFS və Hindistan UPI-nin sinxronlaşdırılması olacaq. Onların inteqrasiyası Qərb vasitəçilərindən asılı olmayaraq, transmilli hesablaşmalar üçün güclü platforma yaradacaq. Ekspertlərin fikrincə, hətta qarşılıqlı ticarətin 30-40%-nin qismən bu platformaya köçürülməsi 700-800 milyard dollara bərabərdir. Belə olan halda iştirakçı ölkələr bank komissiyalarından qaçaraq milyardlarla vəsait qənaət edə biləcək. Amma ondan da önəmlisi odur ki, maliyyə şantajından müdafiəni təmin olunacaq və Qərb asılılığından xilas olmaq istəyən digər ölkələr üçün presedent yaranacaq.
Ödəniş funksiyaları ilə yanaşı, yeni bank Asiyanın ən az çiçəklənən regionlarının inkişafının maliyyələşdirilməsi ilə də məşğul olacaq. Söhbət təkcə infrastruktur layihələrindən deyil, həm də aşağı əlavə dəyərli istehsalın Çindən qonşu ölkələrə köçürülməsindən gedir. Daha yüksək texnologiyalı sənaye sahələrinə keçən Çin tekstil və digər əmək tutumlu istehsalın Qırğızıstan, Əfqanıstan və regionun digər ölkələrinə ötürülməsində maraqlıdır. Bu da müvafiq infrastrukturun yaradılmasına irimiqyaslı investisiyalar tələb edir. Maliyyə sektorunda əməkdaşlıq üçün müstəqil beyin mərkəzləri şəbəkəsinin yaradılması qərarı xüsusi diqqətə layiqdir. Bu, Qərbin ideoloji hegemonluğunun təkcə iqtisadi deyil, həm də intellektual alətlərlə dəstəkləndiyinin etirafıdır. Alternativ analitik strukturların yaradılması ŞƏT ölkələrinə Qərb ideoloji emalından azad müstəqil qiymətləndirmə və strategiyalar hazırlamağa imkan verəcək. Bu təşəbbüsün uğuru iştirakçıların fikir ayrılıqlarını aradan qaldırmaq və ümumi yanaşmalar inkişaf etdirmək bacarığından asılı olacaq.
Plan həyata keçirilərsə, dünya həqiqətən çoxqütblü maliyyə sisteminin doğulmasının şahidi olacaq, burada ölkələr seçim qarşısında qalacaq - ya dollar sistemində qalmaq, ya da alternativ, daha ədalətli və proqnozlaşdırıla bilən sistemə qoşulmaq.
MONETAR.AZ