ING analitiklərinin qiymətləndirməsinə görə, ABŞ administrasiyası ticarət məhdudiyyətlərini genişləndirməyə hazırlaşır və proteksionist siyasətdən geri çəkilmək ehtimalı azdır.
Vaşinqton Çin, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Meksika və Hindistanın da daxil olduğu 16 iqtisadiyyatda istehsal güclərinin izafiliyinə qarşı yeni tariflər nəzərdən keçirir. Noyabrın 25-də ABŞ Ticarət Nümayəndəliyi (USTR) araşdırmanın nəticələri əsasında 14 tərəfdaş üçün konkret tarif təkliflərini ictimai müzakirəyə çıxarıb.
Təkliflər polad, avtomobil, akkumulyator, yarımkeçirici, dəzgahqayırma və günəş panelləri sektorlarını əhatə edir. Tarif dərəcələri və malların yekun siyahısı hələ açıqlanmayıb.
Analitiklər bildirirlər ki, ABŞ məhkəmə qərarları nəticəsində əvvəlki tariflərin ləğv edilməsi riskinə qarşı alternativ hüquqi mexanizmlərdən istifadə edir. Bu çərçivədə 122, 232 və 301-ci maddələr əsasında yeni ticarət məhdudiyyətləri tətbiq olunur.
Sentyabrda ABŞ idxalına tətbiq edilən effektiv tarif dərəcəsi 6,8% olub. Çin malları üzrə bu göstərici təxminən 21%, Avropa İttifaqından idxalda isə 6,6% təşkil edib.
ING hesab edir ki, Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi Tramp administrasiyasına təzyiqi artıra bilər, lakin proteksionist kursun əsaslı şəkildə dəyişməsi gözlənilmir. Tarif siyasətinin daha hədəfli xarakter alması mümkün olsa da, genişmiqyaslı azad ticarətə qayıdış real görünmür.
MONETAR.AZ