Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” mərhələsi başlayır

Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi”

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  Yeni dəyişikliklər dövlət maliyyə sistemində rəqəmsal idarəetməyə keçidi nəzərdə tutur. Yeniliklərə əsasən, dövlət büdcəsinin planlaşdırılması, icrası, mühasibat uçotu və satınalmalar vahid mərkəzləşdirilmiş elektron platforma üzərindən həyata keçiriləcək.

Büdcə idarəetməsində kağızsız mərhələ

Yeni qaydalara görə, bütün büdcə təşkilatları gəlir və xərclər barədə məlumatları birbaşa elektron sistemə daxil edəcək. Məlumatlar real vaxt rejimində Maliyyə Nazirliyinə ötürüləcək. Bu mexanizm büdcə prosesində sənəd dövriyyəsini minimuma endirəcək, qərarların qəbulunu sürətləndirəcək və dövlət vəsaitlərinin xərclənməsi üzərində operativ nəzarəti təmin edəcək.

“e-Mühasibat” sistemi tətbiq olunacaq

Dəyişikliklər çərçivəsində mühasibat uçotu da vahid sistem üzərindən aparılacaq. Maliyyə hesabatlarının formalaşdırılması avtomatlaşdırılacaq və əlavə proqram təminatlarına ehtiyac azalacaq. Yeni yanaşma səhv risklərini minimuma endirməklə yanaşı, dövlət aktivlərinin – daşınmaz əmlakın, avadanlıqların və digər resursların dəqiq və aktual uçotunu təmin edəcək.

Dövlət satınalmalarında elektron müqavilə

İslahatın mühüm istiqamətlərindən biri dövlət satınalmalarının tam elektronlaşdırılmasıdır. Tender qalibləri ilə müqavilələr artıq fiziki görüş olmadan, sistem üzərindən rəqəmsal imza vasitəsilə bağlanacaq. Bu, prosedurların sürətlənməsinə, şəffaflığın artmasına və insan faktorundan irəli gələn risklərin azalmasına şərait yaradacaq.

Şəffaflıq və real vaxt nəzarəti

Yeni sistemlə dövlət maliyyəsinin bütün elementləri vahid platformada cəmlənəcək. Əvvəllər fərqli proqram və ya kağız daşıyıcılarında aparılan hesabatlılıq indi mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Rəqəmsal monitorinq mexanizmi büdcə vəsaitlərinin hərəkətinə real vaxt rejimində nəzarət imkanı yaradacaq.

Mütəxəssislərin fikrincə, tətbiq edilən yeniliklər dövlət vəsaitlərinin daha səmərəli idarə olunmasına, hesabatlılığın gücləndirilməsinə və korrupsiya risklərinin azaldılmasına xidmət edəcək. Beləliklə, Azərbaycan dövlət maliyyəsinin idarə olunmasında müasir rəqəmsal modelə keçidi təmin etməklə idarəetmədə çeviklik və şəffaflıq mərhələsinə qədəm qoyur.

MONETAR.AZ