Azərbaycanın bank sektorunda biznes kreditləri üzrə problemli portfelin həcmi artmaqda davam edir. Mərkəzi Bankın rəsmi statistikasına əsasən, 2026-cı ilin fevral ayının sonuna problemli biznes kreditlərinin məbləği 461,1 milyon manata çatıb.
Rəqəmlər göstərir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 18,4 faiz və ya 71,7 milyon manat artıb. 2025-ci ilin yanvarında problemli biznes kreditlərinin həcmi 389,4 milyon manat, dekabr ayında isə 428,8 milyon manat olub.
Hazırda problemli biznes kreditlərinin ümumi biznes portfelində payı 2,9 faiz təşkil edir. Bu göstərici 2025-ci ilin yanvarında 2,6 faiz, dekabr ayında isə 2,7 faiz idi. Beləliklə, bir il ərzində pay 0,3 faiz bəndi yüksəlib.
Ekspertlər bildirirlər ki, xüsusilə 2026-cı ilin yanvar ayında cəmi bir ay ərzində 32,3 milyon manatlıq (7,5 faiz) artım dinamikası bank sektorunda risklərin artdığını göstərir. Bu tendensiya bəzi biznes subyektlərinin öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyinə işarə kimi qiymətləndirilir.
Qeyd edilir ki, biznes kreditləri iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsində əsas rol oynayır. Bu seqmentdə problemli kreditlərin artması bankların ehtiyat ayırmalarını yüksəldir və nəticədə mənfəətlilik göstəricilərinə təsir edə bilər.
Analitiklərin qənaətinə görə, mövcud dinamika bank sektorunda risklərin idarə edilməsinə daha konservativ yanaşmanın vacibliyini ön plana çıxarır. Problemli kreditlərin payının 3 faizlik həddi keçəcəyi təqdirdə, sektor üzrə əlavə tənzimləmə və nəzarət tədbirlərinin gündəmə gəlməsi istisna olunmur.
MONETAR.AZ