Tehran birjasının dayanması panik satışların qarşısını almağa yönəlib

Tehran birjasının dayanması panik satışların

İranda yaranmış hərbi-siyasi vəziyyətlə əlaqədar Tehran Birjasında bütün maliyyə əməliyyatları müvəqqəti olaraq dayandırılıb. Bu barədə ölkənin rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Agentliyin yaydığı açıqlamaya əsasən, İran Nazirlər Kabineti tərəfindən 2 mart tarixindən etibarən 7 günlük ümummilli qeyri-iş günü elan edilib. Qərara uyğun olaraq, cari həftənin sonunadək, eləcə də 16 mart şənbə günü səhm alqı-satqısı, əmtəə birjası əməliyyatları və birja investisiya fondları (ETF) üzrə bütün ticarət fəaliyyəti tam şəkildə dayandırılacaq.

Məlumatda bildirilir ki, məhdudiyyətlər ölkədə davam edən hərbi əməliyyatlar və təhlükəsizlik məsələləri ilə bağlıdır. Rəsmi qurumlar maliyyə bazarlarında sabitliyin qorunması və investorların maraqlarının müdafiəsi məqsədilə bu addımın atıldığını vurğulayıblar.

Ekspertlərin fikrincə, birjada əməliyyatların müvəqqəti dayandırılması qısamüddətli dövrdə daxili maliyyə bazarlarında likvidliyin azalmasına və investor aktivliyinin zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, qərar panika satışlarının və kəskin qiymət dalğalanmalarının qarşısını almağa xidmət edir.

Qeyd edək ki, Tehran Birjası İranın əsas kapital bazarı platforması hesab olunur. Burada bank, sənaye, neft-kimya, metallurgiya və digər strateji sahələr üzrə iri şirkətlərin səhmləri dövriyyədədir. Birjanın fəaliyyətinin dayandırılması ölkənin maliyyə sisteminə və investisiya mühitinə birbaşa təsir göstərir.

Rəsmi açıqlamada qeyd olunub ki, vəziyyət sabitləşdikdən sonra ticarətin bərpası ilə bağlı əlavə məlumat veriləcək.

MONETAR.AZ