Treyderlər bitkoinin 52 min dollara enəcəyini gözləyir

Treyderlər bitkoinin 52 min dollara

Kriptovalyuta bazarında bəzi treyderlər bitkoin qiymətinin daha da aşağı düşməsi ehtimalına qarşı qoruyucu mövqelər açmağa başlayıblar. İnvestorların artan marağı xüsusilə qısamüddətli satış opsionlarının alınmasında müşahidə olunur.

“Coindesk”in məlumatına görə, son iki gün ərzində kriptovalyuta törəmə alətləri platforması olan Deribit üzərindən iyunun 22-dən iyulun 31-dək müddəti başa çatan put-opsionların aktiv alışı qeydə alınıb.

Analitiklərin fikrincə, put-opsionlara tələbin artması bazarda ehtiyatlı və mənfi gözləntilərin gücləndiyini göstərir. Treyderlərin bir hissəsi bitkoin qiymətinin təxminən 52 min dollar səviyyəsinə qədər enə biləcəyi ssenariyə qarşı öz portfellərini qorumağa çalışır.

Bazar iştirakçıları hesab edirlər ki, kriptovalyuta bazarındakı təzyiqlərə bir neçə amil təsir edir. ABŞ Federal Ehtiyat Sisteminin sərt pul-kredit siyasəti dolların möhkəmlənməsinə səbəb olur ki, bu da riskli aktivlər, o cümlədən bitkoin üçün mənfi faktor hesab edilir.

Bundan əlavə, investorların bitkoin əsaslı birja fondlarından (ETF) vəsait çıxarması və böyük həcmdə bitkoin saxlayan şirkətlərin səhmlərində zəifləmə də bazarda qeyri-müəyyənliyi artırıb.

Ekspertlərin fikrincə, opsion bazarındakı aktivlik treyderlərin yaxın perspektivdə daha kəskin qiymət dəyişikliklərinə hazırlaşdığını göstərir. Bununla belə, kriptovalyuta bazarında qiymətlərin istiqaməti həm makroiqtisadi göstəricilərdən, həm də investor davranışlarından asılı olaraq dəyişə bilər.

MONETAR.AZ