Dünya enerji xəritəsinin ən kritik qovşaqlarından birində rəqabət kəskinləşir. Almaniyanın iqtisadiyyat naziri Katherina Reichenin Ankaraya etdiyi rəsmi səfər çərçivəsində bəyan edilib ki, Avropa İttifaqı Türkiyə vasitəsilə blok ölkələrinə tədarük ediləcək yeni qaz həcmlərinin Rusiya mənşəli olmamasını qəti şəkildə tələb edir.
Brüssel Türkiyənin iştirakı ilə imzalanacaq bütün gələcək enerji sazişlərində Rusiya qazından imtina olunmasında israrlıdır. Almaniyalı nazir və onu müşayiət edən böyük iş adamları heyəti Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə keçirdiyi görüşdə bu mövqeyi rəsmi olaraq tərəfdaşların diqqətinə çatdırıb.
Bu enerji böhranı həm regional qaz habı (mərkəzi) olmaq istəyən Türkiyə, həm də Rusiyadan asılılığı tam bitirmək istəyən Aİ üçün fərqli reallıqlar yaradır.
Türkiyə tərəfi rəsmi bəyanatlarında Almaniya və Aİ-nin "anti-Rusiya" pul və enerji siyasətinə hörmətlə yanaşdığını bildirsə də, pərdəarxası danışıqlarda iqtisadi maraqlar toqquşur. Əgər Ankara Avropaya qaz ixracatçısı kimi daxil olmaq istəyirsə, TANAP (Cənub Qaz Dəhlizi) kimi xalis Rusiya mənşəli olmayan xətlərin ötürücülük qabiliyyətini artırmalı olacaq. Əks təqdirdə, Rusiya qazının qarışığı ilə formalaşacaq hər hansı bir "İstanbul Qaz Habı" layihəsi Brüsselin sərt idxal embarqoları ilə qarşılaşa bilər.
MONETAR.AZ