Liviya son illərin ən yüksək neft hasilatı göstəricisinə nail olub. Ölkənin gündəlik xam neft istehsalı 1,44 milyon barrelə çataraq 2013-cü ildən bəri qeydə alınan ən yüksək səviyyəyə yüksəlib.
Bu barədə Liviyanın National Oil Corporation (NOC) rəhbəri Məsud Süleyman məlumat verib.
Məlumata görə, uzun illər siyasi qeyri-sabitlik, təhlükəsizlik problemləri və infrastruktur məhdudiyyətləri səbəbindən fasilələrlə üzləşən ölkənin neft sektoru son dövrdə bərpa prosesini sürətləndirib. Nəticədə hasilat son 13 ilin ən yüksək həddinə çatıb.
Ekspertlər hesab edirlər ki, Liviyada neft istehsalının artması qlobal enerji bazarında təklifin genişlənməsinə töhfə verə bilər. Bu isə neft qiymətlərinin formalaşmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Afrikanın ən böyük neft ehtiyatlarından birinə malik olan Liviyanın hasilatı artırması enerji bazarının iştirakçıları tərəfindən diqqətlə izlənilir. Analitiklər bildirirlər ki, ölkədə sabitliyin qorunması hasilatın daha da yüksəlməsi üçün əsas şərtlərdən biridir.
MONETAR.AZ